Ayaz Salayev “vətən xainliyinə” davam edir… - Zaur Qəriboğlu yazır
27.02.2025 12:41 Bizim reaksiya 1092

Bir neçə gündür Azərbaycan mətbuatında kinoşünas Ayaz Salayevin televiziya proqramlarının birində verdiyi açıqlama ciddi müzakirə olunur. Ayaz Salayevin nə deməsindən asılı olmayaraq biz hər zamankı kimi cəmiyyətimizin düzgün maarifləndirilməsini seçməyib, “reytinq” arxasınca qaçırıq. ”Ay haray, qoymayın, Ayaz Salayev dilimizə həqarət edib”. Nə deyib, kinoşünas?!
O, deyir ki, “Türk dili Azərbaycan dilini üstələyib. Rus dilinin, məktəblərinin dilimizə heç bir zərəri yoxdur, əksinə faydası var”.
Mən bu fikirlə razıyammı?. Xeyr, qətiyyən!
Uzun illərdir, mən də mücadilənin, davanın aparıcılarındanam ki, “Millətimizin adı Türk, dilimiz Türk dilidir. Təəssüf edirəm ki, Ayaz Salayev öz sahəsini mükəmməl bilsə də, millətimizin, dilimizin keçmişi ilə bağlı müfəssəl tarixi bilgilərə sahib deyil. Təəssüf edirəm ki, kinorejissor millətimizi və dilimizi 1940-cı illərdən sonra tanıyır. Müasir dövlətimizin ziyalılarından sayıla bilən Ayaz Salayev Üzeyir Hacıbəylinin, Cəlil Məmmədquluzadənin istər publisistik, istərsə də bədii-ədəbi əsərlərini ya oxumayıb, bilmir, ya da unudub. Əks halda, dilimizin Türk dili, millətimizin Türk milləti olmasından qıcıqlanmaq əvəzinə, qürur duyardı. Çünki, Ayaz müəllim heç 100 il tarixi olmayan Azərbaycan dili və Azərbaycan xalqının nümayəndəsi olmağı deyil, ən azı dövlətçilik tarixi 5000 ilə, qədimliyi 1000 illərə dayanan türk millətinin ziyalısı olmağı seçərdi.
Bu yazını qələmə alana qədər, ədalətli davranmağım üçün, kinoşünasın məlum açıqlamasına və öncələr verdiyi müsahibələrə baxdım və oxudum.
Ayaz Salayev Vətən, millət xainidirmi? Böyük hərflərlə YOX!
Şuşa üçün hönkür-hönkür ağlayan, 1990-cı ildən sonra rus imperialist siyasətinə nifrət edən, ailə institutlarımızın yalnız öz milləimizdən formalaşmasını istəyən, hətta gənclərə müraciət edərək; “xahiş edirəm, yalnız öz millətimizlə ailə qurun” deyən bir insan, indi dil məsələsində niyə bu qədər aqressivdir?! Bəlkə, fikirlərini düz çatdıra bilməyib, bilmir?! Onu narahat edən nədir?! Müxtəlif cavablar yaza bilərik. Amma həqiqət başqadır.
Bəli, bu gün Azərbaycan öz dövlətini qurub, möhkəmləndirir və tarixin ədalətsizliklərini, məhz rus imperiyasının dövlətimizə, dövlətçiliyimizə vurduğu ən ağır zərbələrin üstünü bağlayıb, öz gücünü nümayiş etdirir. Azərbaycan bütün dünyaya bəyan edir ki, mənim dilim və millətim 1936-cı ildə Stalinin istəyi ilə yaranmayıb. Bəli, millətim qədim Türk milləti, dilim də qədim Türk dilidir. Hər bir həqiqi ziyalı isə Türk dilini ayırmamalıdır. Bu məhz Azərbaycan türkcəsi yox, Türk dilidir.
Ankara da türkcə danışanla Bakıda türkcə danışanlar fərqli dillərdə danışmırlar. Necə ki, Bakıda, Şəkidə, Qazaxda yaşayanlar danışanda eyni dildə danışır. Sadəcə, ləhcə, şivə fərqimiz var, bu da normaldır.
Biz böyümək, daha da güclü dövlət olmaq istəyiriksə, tarixi ədalət bərpa olunmalı, millətimizin və dilimizin adı, özünə qayıtmalıdır. Qaldı rus dili və rus məkəblərinə, mənə görə rus məktəbləri dövlət hesabına olmamalıdır. Birmənalı olaraq, bağlanmalıdır. Rus dilini xarici dil kimi bilməliyikmi, bəli! Biz elə bir coğrafiyada yaşayırıq ki, rus dilini bilməliyik. Amma kim bu dili öyrənmək istəyirsə, özəl məktəblərə, kurslara üz tutmalıdır.
Dönürəm, Ayaz Salayevin “ rus dilində ədəbiyyatın, elmi-kütləvi materialların çoxluğu” məsələsinə. Hörmətli kinoşünas alimimizə demək istəyirəm ki, artıq sovet dönəmi deyil. Biz bu gün Türkiyə ləhcəsində- Türklər buna “ İstanbul ağzı” deyir – dünyanın bütün ədəbiyyatını, elmi-kütləvi əsərlərini, kitablarını oxuya bilərik. Hətta bir çox beynəlxalq tədbirlərdə türkcə çıxış edə bilirik. Yəqin ki, Ayaz müəllim, hələ də elə anlayır ki, xalqların həbsxanası bir Sovet var və orda millətlərin dillərini, özlərinin adları zorla dəyişdirilib. Bütün tədbirlərin ortaq dili rus dilidir. Yanılırsınız, sayın Salayev. Düşünməyin ki, “sayın” sözü də bizim söz deyil. Tərtəmiz türk sözüdür və mən də bu yazını tərtəmiz özbəöz türkcəmizdə yazıram. Ümid edirəm, tənqidi fikirlərimi yetərincə çatdıra bildim.
Amma, gəlin, qayıdaq, yenə “reytinq” arxasınca qaçan mətbuatımıza. Kimlərisə söyərək, gündəm olmaq istəyənlərimizin fikirlərinə: “Hələ də Ayaz Salayev Vətən xainliyinə davam edir”… Adamı o qədər linç edirlər ki, həyatına nifrət etməyə başlayır. Ayaz Salayevi fikirlərinə görə linç etmək doğrudurmu?... YOX!
Biz bu gün milli dövlətçiliyimizi qurmaqla yanaşı, ölkəmizdə azad fikrin, azad sözün də inkişafını istəyirik. Bəzən, hökuməti də yerli-yersiz bu istiqamətdə tənqid edirik. Amma düşünməliyik ki, biz bir toplum olaraq, müzakirəyə, diskusiyaya o qədər də isti yanaşmırıq. Biz şəxsimizin əksinə bir fikir bildirilirsə, onunla diskusiya edib, həqiqəti çatdırmaq, adamı həqiqətə inandırmaq əvəzinə həqiqətdən uzaqlaşdırırıq. Həqiqət nə qədər bağıracaqsa, onun yanında qaragüruh səhv tutacaqdır.
Gerçəkdən də biz görmürükmü ki, son yüz ildə geyimimizi( milli geyimimizi) dəyişsək də şüurumuzu dəyişməmişik. Biz özümüzdən olan əks fikirləri linç etməməli, o fikirləri sivil, mədəni şəkildə müzakirə etməli, həmin fikirlərin dövlətimiz, millətimiz üçün təhlükəli olduğunu anlatmalı, real nəticələrə nail olmalıyıq. Amma bu cür, “qarğa bazarı”yla deyərdim, demirəm, “reytinq” müzakirələriylə görünən odur ki, hələ millətimizin, dilimizin adınının bərpası uzun sürəcəkdir. Amma mən bu yerdə Azərbaycan dövlət ağlına inanan şəxslərdənəm. İnanıram ki, qüdrətli, ədalətli dovlət ağlımız tarixi ədaləti bərpa edəcək. Kaş ki, cəmiyyətimiz də XXI əsrin 2025-ci ilində anlasın ki, əks fikir ola bilər və o, əks fikri səsləndirəni linç etmək yox, ona həqiqəti anlatmaq lazımdır. Söyüş-təhqirlə, insanların şəxsiyyətini alçaltmaq olmaz!
Sonda, Ayaz Salayevə təşəkkür edirəm ki, bu fikirləri səsləndirməklə, bir daha dilimizin və millətimizin əsl adının Türk olduğunu və bu adın bərpa olunmasının vacibliyini gündəmə daşıdı.
23.02.2025,
Zaur Qəriboğlu
Şərhlər