Azad cəmiyyət insandan başlayır - Əhməd Ağaoğlunun “Sərbəst insanlar ölkəsində” əsərini oxuyarkən…- Zaur Qəriboğlu yazır
17.08.2026 14:32 Bizim reaksiya 381
Əhməd bəy Ağaoğlunun şəxsiyyəti haqqında geniş yazmağa lüzum yoxdur. Hər kəs bilir ki, Azərbaycan və Türkiyə tarixində böyük fikir və düşüncə adamı olan Əhməd bəy kimdir…
Mən Əhməd bəylə bağlı çoxsaylı əsərlər, xatirələr oxumuşam. “Sərbəst insanlar ölkəsində” əsərini isə o, 1930-cu ildə İstanbulda qələmə alıb. Əhməd bəy görmək istədiyi cəmiyyəti, həmin cəmiyyətin insanlarını bu əsərdə çox sadə dillə təsvir edib.
Kitabı oxuyarkən görürsən ki, azad, müstəqil cəmiyyətdə yaşamaq istəyirsənsə, ilk növbədə insanı dəyişməlisən. İnsan isə öz-özünə dəyişə bilməz. Onun formalaşması üçün mühit olmalıdır. Həmin mühiti də insanlar özləri yaratmalı, qorumalı və ona nəzarət etməlidirlər. Mühit tam formalaşandan sonra isə özü bir mexanizm kimi işləməyə başlayacaq.
1930-cu ildə qələmə alınan bu kitabda diqqətimi çəkən çox maraqlı məqamlardan biri ictimai nəqliyyatla bağlıdır. Əhməd bəy təsvir etdiyi ölkədə metroda daimi bilet nəzarətinin olmadığı, insanların gediş haqqını özlərinin xüsusi qutuya atdığı bir sistemdən danışır. Burada əsas məsələ heç bilet də deyil. Məsələ insana olan etimaddır. İnsan bilir ki, ona nəzarət edən yoxdur, amma yenə də üzərinə düşən öhdəliyi yerinə yetirir.
Maraqlıdır ki, Avropada buna yaxın, etimada və sərnişinin ödəniş məsuliyyətinə əsaslanan ictimai nəqliyyat sistemləri xüsusilə 1960-cı illərdən etibarən geniş yayılmağa başladı. Əhməd bəy isə hələ 1930-cu ildə belə bir cəmiyyət modelindən danışırdı.
Daha sonra böyük mütəfəkkir azad cəmiyyət insanının konturlarını cızır, necə insanlarla sərbəst cəmiyyət qurmağın mümkün olduğunu göstərir. Onun düşüncəsində böyük insan amili var. İnsanı irqindən, cinsindən, dinindən asılı olmayaraq yüksək, ali varlıq kimi təqdim edir.
Ali varlıq olan insan isə asılı yaşaya bilməz. Ona sərbəstlik vermək lazımdır. Təkcə yaşayış şəraitində deyil, düşüncəsində də.
Düşüncəsində azad olmayan insan həyatda da azad ola bilməz.
Bu gün hamımız nələrdənsə narazılıq edir, nələrisə qəbul etmirik. Fəqət həlli yollarını da öyrənmir, bilmirik. Biz dərk etmirik ki, normal, sərbəst cəmiyyət istəyiriksə, fərd olaraq özümüzdən başlamalıyıq. Öncə özümüzü dəyişməliyik.
Birinci növbədə qarşımızdakı insana hörmət etməyi, onu dəyərləndirməyi öyrənməliyik.
Tənqidi öyrənməliyik.
Bu gün Azərbaycanda özünü tənqidçi, tənqidi media adlandıran qurumlar və insanlar var. Amma deyə bilərəm ki, onların bir çoxunun tənqidin nə olduğu haqqında təsəvvürü yoxdur.
Tənqid şəxsə yönəlməməlidir. Qarşındakının şəxsiyyətinə toxunaraq, onu alçaldaraq, təhqir edərək bunu tənqid kimi təqdim etmək olmaz. “Sərbəst insanlar ölkəsində” tənqid məsələsinə də yer verilir. Əsərdə parlament müzakirələrini oxuyarkən Əhməd bəy tənqidin necə olmalı olduğunu göstərir: fikir müzakirə edilir, şəxsiyyət deyil.
Təxminən yüz il keçib. Amma bu dərs hələ də aktualdır.
Bu gün mənə görə cəmiyyətimizin ən böyük problemlərindən biri oxumamaqdadır. Ola bilər ki, oxuyub-yazma göstəricilərinə görə yüksəkdəyik. Amma cəmiyyətin ümumilikdə oxumaq, mütaliə etmək səviyyəsi aşağıdır.
Bu gün demək olar ki, bir çoxumuz orta, ali təhsil alırıq. Magistr, doktor, alim olanlarımız da var. Amma bunların hamısına oxumuş, ziyalı demək olmur.
Hərə öz sahəsini genişləndirir. Amma mütaliə edirmi?..
Bu gün özünü cəmiyyətə yazıçı, şair, ziyalı kimi təqdim edən, guya ictimai fikrə təsir edən şəxslər var. Bu şəxslərin bəzilərindən soruşsan ki, sonuncu dəfə hansı kitabı oxumusan? Həmin kitabdan hansı fikri mənimsəmisən? Durub üzünə mat-mat baxacaq.
Əhməd bəy bu kitabda cəmiyyəti irəli aparan ziyalılardan da danışır:
“Ziyalı zümrəsi, bir qayda olaraq, millətin aynasıdır: millət nədirsə, o da odur. O nədirsə, millət də odur.”
Buradan da bir daha görünür ki, cəmiyyətin inkişafında ziyalıların böyük rolu var.
Bəs bu gün Azərbaycan cəmiyyətində kimə ziyalı deyilir?!
Ömründə bir kitab oxumayıb, mənasız söyüş və təhqirlər yazıb məşhurlaşan sosial şəbəkə fenomenlərinəmə?
Təəssüflə deyəcəyəm ki, bu gün sosial şəbəkə istifadəçilərimizin bir hissəsi də belələrini izləyir. Demək ki, cəmiyyətin müəyyən hissəsinə oxumaq, maariflənmək deyil, başqa insanların həyatını gündəmə gətirən ucuz şoular daha maraqlıdır.
Amma bütün bunlara baxmayaraq, əsl ziyalı vaz keçməlidirmi?..
Qətiyyən!
Ziyalının işi cəmiyyətin arxasınca getmək deyil. Ziyalı cəmiyyətin önündə getməlidir.
Eybi yox, ilk vaxtlarda az adam maraq göstərəcək. Amma yüz nəfərdən biri anlayacaqsa, bu da qənimətdir. Zamanla cəmiyyətin intellektual səviyyəsi artdıqca insanımız da aliləşəcəkdir.
Bunun üçün isə tək ziyalı ilə iş düzəlmir.
Təhsildən başlamaq lazımdır.
Əhməd bəy də “Sərbəst insanlar ölkəsində” insanın və cəmiyyətin azadlığını bilik və təhsillə əlaqələndirir. Bu proses lap orta məktəbdən, hətta ailədən başlamalıdır. Təhsil və ailə tandemi şəklində uşaqlar yetişdirilməlidir.
Bu gün Azərbaycan təhsil sistemində həm tədris, həm də tərbiyə məsələsində ciddi problemlər var. Məktəbin vəzifəsi yalnız şagirdə attestat vermək olmamalıdır.
Məktəb insan yetişdirməlidir.
Mən gənclərimizin hamısının ali diplomlu yox, ali təhsilli olmasının tərəfdarıyam.
Təbii ki, dünyanın elə bir ölkəsi yoxdur ki, orada yeddidən yetmiş yeddiyə hər kəs savadlı, mütaliəli olsun. Amma çoxluq düşünən insan olanda, azlıq da ona tabe olur.
Bütün cəmiyyətlərin ən qiymətli kapitalı insandır.
Baxın, öz ölkəmizdə bir çox qayda-qanunlara əməl etməsək də, kənara çıxdıqda dərhal həmin ölkənin qaydalarına riayət etməyə çalışırıq. Ya cəzalanmaqdan çəkinirik, ya da oradakı insanlardan utanırıq.
Məsələn, Avropanın bir çox şəhərində piyada keçidini qoyub kənardan keçən adama az rast gəlirsən. Sən də orada olanda məcburən bu adi yol qaydasına riayət edirsən. Amma öz ölkəmizə gəldikdə sanki rahatlaşır, bəzən kəmərsiz maşın idarə etməyi qəhrəmanlıq hesab edirik.
Sözüm ondadır ki, hamımız cəmiyyətdən şikayət edir, hamımız nələrinsə dəyişəcəyini arzulayır, tələb edirik.
Amma kimsə özündən başlaya bilmir…
Halbuki cəmiyyət dediyimiz elə bizim özümüzük.
Bu gün hər bir fərd özündən başlayıb özünü inkişaf etdirməlidir ki, məmləkətimizin gələcəyi işıqlı olsun. İki yüz il sonra işıqlı cəmiyyətdə yaşamaq üçün bu gün hər kəs öz enerjisini sərf edib ətrafında bir çıraq yandırmalıdır.
Əhməd bəyin digər əsərlərində də toxunduğu din məsələsi var. Biz gənclərimizin imanına toxunmamalı, onların etiqadına hörmət etməliyik. Amma onları məscidlərə deyil, ilk növbədə məktəblərə, elmə, kitaba yönəltməliyik.
Vicdanlı, düşüncəli olmaq üçün dindar olmaq şərt deyil. Təhsil, tərbiyə və düşüncə lazımdır.
Cəmiyyətimiz yalnız təhsillə irəli gedəcəkdir.
Əvvəllər müxtəlif dərnəklər – aktyorluq, musiqi, şeir, poeziya dərnəkləri var idi. Demək olar, bütün ailələr öz uşaqlarını dərsdən sonra əlavə məşğuliyyətə cəlb edirdi. Xatırlayıram, hər şəhərdə, kənddə, qəsəbədə klublar var idi. Bu klubların ayrı-ayrı otaqlarında müxtəlif dərnəklər fəaliyyət göstərirdi.
Bu gün dünəndən daha yaxşı şərait var. Ölkəmizin müxtəlif yerlərində Gənclər evləri, Heydər Əliyev mərkəzləri və başqa infrastrukturlar yaradılıb.
Amma məsələ bina tikməklə bitmir.
O binanın içərisində nə baş verir?
Niyə bu imkanlardan istifadə edib uşaqlarımızı yetişdirməyək?
Təhsil, mədəniyyət, gənclər və idman sahələrinə cavabdeh dövlət qurumları koordinasiyalı fəaliyyət qurub bu mərkəzlərdə dövlət hesabına dərnəklər yaratmalı, peşəkar insanları ora cəlb etməlidir. Həmin dərnəklərlə orta məktəblər arasında əlaqə qurulmalı, istedadlı uşaqlar seçilib müxtəlif istiqamətlər üzrə yetişdirilməlidir.
Övladlarımız orta məktəbdən başlayaraq yetişdirilməlidir.
Amma harada?..
Bu gün orta məktəblərin dərs sistemi elə vəziyyətdədir ki, birinci sinfə başlayan uşaq belə dərsdən sonra əlavə müəllim yanına gedir. Uşağın asudə vaxtı qalmır. Kitab oxumağa, musiqiyə, idmana, başqa bir sahəyə maraq göstərməyə zamanı çatmır.
Ona görə də deyirəm ki, öncə təhsil sisteminin köklü dəyişikliyindən başlamaq lazımdır.
Əgər biz qalib ölkəmizin davamlı inkişafını, yüksəlişini istəyiriksə, insandan başlamalıyıq.
Amma əsərin sonunda məni düşündürən və Əhməd bəylə razılaşmadığım bir məqam da var.
“Sərbəst insanlar ölkəsində” əsərinin sonunda Fərd artıq son qərarını verməlidir. O, əvvəlki həyatına qayıtmaqla Sərbəst İnsanlar Ölkəsində qalmaq arasında seçim edir. Nəhayət, bu ölkənin prinsiplərinə sadiq qalacağına and içir və Sərbəst İnsanlar Ölkəsinin vətəndaşı olur.
Mən isə əsərin sonunda başqa bir seçim görmək istəyərdim.
Əhməd bəy Ağaoğlunun öz həyatı ilə bağlı məşhur bir hadisə nəql edilir. Parisdə təhsil aldığı illərdə müəllimi, məşhur fransız mütəfəkkiri Ernest Renan onun istedadını yüksək qiymətləndirərək Fransada qalmasını istəyir. Renanın ona, təxminən, “Sən dünya miqyasında alim olacaq səviyyədə bir insansan, məmləkətinə getmə, Şərq səni udar” dediyi nəql olunur.
Əhməd bəy isə bu təkliflə razılaşmır. Şərqin də oxumuş insanlara ehtiyacı olduğunu, Avropada öyrəndiklərini öz məmləkətindəki insanlara öyrətmək istədiyini bildirir.
Mənim üçün burada çox maraqlı bir ziddiyyət yaranır.
Əhməd bəy özü Qərbdə qalmağı deyil, öyrəndiklərini öz insanlarına aparmağı seçir. Amma yaratdığı Fərd Sərbəst İnsanlar Ölkəsinə çatdıqdan, oradakı sistemi gördükdən və azad insan olmağın nə demək olduğunu öyrəndikdən sonra orada qalmağı seçir.
Şəxsi düşüncəmə görə, Fərd öz ölkəsinə qayıtmalı idi.
Sərbəst İnsanlar Ölkəsində gördüklərini, öyrəndiklərini, qazandığı düşüncəni öz insanlarına aparmalı idi.
Çünki hazır azad cəmiyyətdə yaşamaq bir seçimdir. Azad olmayan cəmiyyətə qayıdıb orada azad insanlar yetişdirməyə çalışmaq isə tamam başqa bir missiyadır.
Əhməd bəy özü bunu etmişdi.
Bəlkə də əsərin qəhrəmanı da bunu etməli idi…
Öz ölkəsinə qayıtmalı, gördüklərini insanlarına danışmalı, öyrəndiklərini öyrətməli idi. Bəlkə onu anlamayacaqdılar. Bəlkə yüz nəfərdən doxsan doqquzu ona qulaq asmayacaqdı.
Eybi yox.
Yüz nəfərdən biri anlayacaqdısa, buna dəyərdi.
Çünki o bir nəfər sabah başqa bir nəfəri dəyişə bilərdi.
Mənim bu kitabdan çıxardığım ən böyük nəticə də elə budur: hazır sərbəst cəmiyyət axtarmaqdan əvvəl özümüz sərbəst insan olmalıyıq. Sonra isə qazandığımızı öz cəmiyyətimizə verməliyik.
İnsanımızı böyütməliyik.
Oxuyan, düşünən, sual verən, tənqid edən və tənqidə dözən, qarşısındakı insanın şəxsiyyətinə hörmət edən, azadlığın yalnız hüquq deyil, həm də məsuliyyət olduğunu anlayan insan yetişdirməliyik.
Çünki azad cəmiyyəti qanunlar qura bilər, amma onu yaşadan insandır.
Əhməd bəy Ağaoğlunun təxminən bir əsr əvvəl yazdığı “Sərbəst insanlar ölkəsində” əsərindən mənim çıxardığım nəticə budur:
Sərbəst insanlar ölkəsini qurmaq istəyiriksə, əvvəlcə sərbəst insan yetişdirməliyik.
Sonra isə həmin sərbəst insan öz işığını götürüb öz cəmiyyətinə qayıtmalıdır.
İki yüz il sonra işıqlı cəmiyyətdə yaşamaq üçün bu gün hər birimiz ətrafımızda heç olmasa bir çıraq yandırmalıyıq.
İnsanımızı böyütməliyik ki, minillərə dayanan tarixi olan ulusumuzu daha min illərə də apara bilək.
Zaur Qəriboğlu






Şərhlər