Məktəbə hücum etmək, dövlətə meydan oxumaqdır! - Zaur Qəriboğlu
12.10.2026 16:24 Bizim reaksiya 220
MƏKTƏBƏ HÜCUM ETMƏK, DÖVLƏTƏ MEYDAN OXUMAQDIR!
Məktəb nə şəxsi mülkdür, nə də kiminsə siyasi, dini və ideoloji ambisiyalarını həyata keçirəcəyi meydan! Məktəb dövlətin təhsil müəssisəsidir! Orada Azərbaycanın gələcəyi yetişir!
Körpə uşaqları bəhanə edərək məktəblərə hücum etmək, qapı-pəncərə sındırmaq, müəllimləri və direktorları hədəfə çevirmək, onların şəkillərini sosial şəbəkələrdə paylaşaraq ictimai təzyiq yaratmaq nə valideyn hüququdur, nə də etiraz mədəniyyəti!
Heç kim öz dini dünyagörüşünü, siyasi mövqeyini və ideoloji düşüncəsini Azərbaycan dövlətinin qanunlarından üstün tuta bilməz!
Xüsusilə də Azərbaycan məktəblərinin qarşısında İranın radikal dini dairələrinin ritorikasını xatırladan şüarların səsləndirilməsi ciddi narahatlıq doğurur. Azərbaycan dünyəvi dövlətdir! Bu dövlətin idarəçilik prinsipləri nə Tehranda müəyyənləşdirilir, nə də küçələrdə təzyiq göstərən qrupların istəklərinə uyğun dəyişdirilir!
Uşaqların hüquqlarını müdafiə etmək başqa şeydir, uşaqlardan istifadə edərək dövlətə təzyiq göstərmək tamam başqa!
Hər bir valideynin qanuni etiraz etmək, öz övladının hüquqlarını müdafiə etmək haqqı var. Amma bu hüquq heç kimə məktəbə hücum etmək, dövlət əmlakına ziyan vurmaq, müəllimləri qorxutmaq və ictimai asayişi pozmaq səlahiyyəti vermir.
Hesab edirəm ki, bu cür qanunsuz hərəkətlərə yol verən şəxslər dərhal müəyyənləşdirilməli, əməlləri obyektiv araşdırılmalı və təqsirləri sübuta yetirildiyi halda qanunun nəzərdə tutduğu ən sərt məsuliyyətə cəlb olunmalıdırlar!
Azərbaycan dövləti heç kimin dini fanatizminə, xarici ideoloji təsirinə və küçə təzyiqinə təslim edilə bilməz!
Bizim üçün uşaqlarımızın gələcəyi də, təhsilimiz də, dövlətimizin dünyəvi əsasları da toxunulmazdır!
Heç kim din pərdəsi altında dövlətin qanunlarına meydan oxumağı özünə haqq saya bilməz.
Dövlətə sahib çıxmaq yalnız sərhəddə dayanmaq deyil. Dövlətə sahib çıxmaq onun məktəbini, müəllimini, qanununu və dünyəvi quruluşunu da qorumaqdır!
Azərbaycanı qorumaq məhz buradan başlayır!
Zaur Qəriboğlu
Reaksiya Media Qrupunun rəhbəri









Şərhlər