Yetimlərin deputatı yoxdurmu?
09.06.2015 23:09 Bizim reaksiya 3493
"Əgər Avropadan yaxşı şeyləri götürəcəyiksə, yetimlərə sahib çıxmağı da öyrənək"
Mayın son həftəsi “culture.pl” saytının dəvəti ilə Polşada səfərdə olduğumu bəzi dostlar bilir. Bir reportaj yazım da internetdə dərc olunub və ayrıca bir-iki jurnal üçün reportajlar hazırlamışam. Lakin səfər zamanı insanların həyat tərzi, baxış bucağı daha çox diqqətimdə idi... ölkənin inkişaf strategiyası da həmçinin.
Bir axşam otelin lobbisində siqaret çəkərkən iş üçün Krakovdan Varşavaya gəlmiş bir xanımla tanış olmuşdum, Xanım uşaq evində böyüyüb, dövlətin təminatı ilə universitetə hazırlaşıb və təhsil alıb, dövlətin təminatı ilə mənzil alıb, indi isə Krakovda iri bir firmada menecerdir və cəmi cümlətanı 25 yaşı var... hələ ailə qurmağa hazırlaşmır, lakin tez-tez böyüdüyü uşaq evinə gedir və ordakı uşaqlara müxtəlif kitablar aparır...
Hüquq dövləti bu deməkdir. Azərbaycanda "detdom qızı" damğası ilə künclərdə-bucaqla məhv olan yüzlərlə, minlərlə xanım var. Eləcə də minlərlə oğlan uşağı yiyəsiz şəkildə oğruya, cinayətkara, qara fəhləyə çevirilir. "Cəmiyyətə inteqrasiya" deyilən proqramın adı var, özü yoxdur.
MDB ölkələrindən sayılan Ukraynada da bu məsələdə vəziyyət yaxşıdır. Bildiyimə görə, uşaq evindən məzun olanlara mənzil verilir.
Vaxtaşırı TV-lərdə “detdom uşaqları”na toy etməklə, cehiz yığmaqla deyil... Aidiyyatı olan qurumlar, məsul olan şəxslər sanki ümumi olaraq iş görmək, yetim-yesirə gün ağlamaq yerinə vaxtaşırı gözdən pərdə asır, hər xırda yaxşı işi belə şişirdib gözə soxurlar.
Halbuki, bu onların vəzifəsi və gündəlik işidir. Buna görə maaş alırlar.
Qanunvericilik məsələsində də boşluq var. Deputatlarımızın əksəriyyəti öz maaşları, öz istirahətləri üçün daha çox narahat olur. Kimsəsizlərin taleyi isə atılıb neçə yüzüncü plana... Əgər kimsəsiz uşaqların normal təhsil və normal mənzillə təminatında addım atılsaydı, o zaman insan alveri ilə mübarizə, yoxulucu xəstəliklər, cinayətlərlə bağlı da xeyli yüngüllük hiss olunardı.
Təbii ki, fühuş hər yerdə var. Polşada da, Ukraynada da... Amma istər-istəməz, adam öz ölkəsində haqsızlıqlar görəndə məyus olur. Əgər Avropadan yaxşı şeyləri götürəcəyiksə, yetimlərə sahib çıxmağı da öyrənək.
Yetimlərin deputatı yoxdurmu? Ümumiyyətlə, atalı-analı yetimlər də bu ölkədə az sayılmaz...
Rüfət Əhmədzadə
Şərhlər