İcra başçısının "borcu"

03.09.2015 16:47     Bizim reaksiya     3901

Bu günlərdə hədsiz sevinirəm.

Sevincimin predmeti çoxları üçün mənasız görünə bilər. Kiminçünsə mənalı və ya mənasız olmasından asılı olmayaraq iki gündür eşitdiyim xəbərin sevincini yaşayıram. Və arzu edirəm ki, sizə də mənəvi dəyərinin qiyməti ölçülməyən belə xəbərlərdən sevinə bilmək qismət olsun.

İndi də sevincimin səbəbini açıqlayım, siz də rahat olun, mən də.

Zaqatala rayonunun icra başçısı rayon tarixində ilk dəfə ali məktəbə qəbul imtahanlarından 700 bal toplayaraq Tibb Universitetinin Müalicə işi ixtisasına qəbul olan Mahmudova Asya İdris qızına avtomobil hədiyyə edib.

Bu cümləni oxuyar, oxumaz çoxunuz bəlkə də məhşur “Ordan burdan” tamaşasındakı kimi “Nə olsun” deyəcəksiniz. Və üstəlik də əlavə edəcəksiniz ki, “icra başçısı üçün bir maşın nədir ki?” Hətta “borcudur” deyənlər də tapılacaq. Əcəb də edəcəksiniz!

Ancaq mən də heç dinc durmayacağam və deyəcəyəm ki, necə yəni nə olsun? Bundan da böyük işmi olmalıdır. Və heç o icra başçısının vəzifə borcu da deyil, hansısa tələbəyə maşın bağışlasın. Asya xanım özü üçün, gələcəyi üçün, valideynləri qarşısında övladlıq borcunu ödəmək üçün ali məktəbə qəbul olub. Ali məktəbi bitirdikdən sonra qazandığını gətirib icra başçısına verməyəcək ki, ona hədiyyə vermək də başçının borcu olsun.

Zaqatala icra başçısının bu iş borcudur, amma vəzifə yox, insanlıq borcudur, hər kəsdə olmayan insanlıq borcu. İndiyə qədər hansısa ziyalı gəncə, tələbəyə, istedadlıya təmənnasız yardım göstərən insanları tək-tək görmüşəm. Və Zaqatala icra başçısı da dünəndən həmin o təklərin sırasına qoşuldu mənimçün.

Nədənsə bizdə elm, təhsil arxasıyca gedən,  yaradıcılıqla, sənətlə məşğul olanlara ayrı-ayrı şəxslər tərəfindən çox az səviyyədə diqqət göstərilir. Daha çox idman sahəsinə önəm verilir. Nədənsə elə düşünürlər ki, hansısa idmançının dünya arenalarında Azərbaycan bayrağını dalğalandırması hansısa azərbaycanlı gəncin bir elmi ixtirası ilə dünyaya səs salmasından daha önəmlidir. Ancaq Zaqatala icra başçısı bu əməliylə həmin tabunu sındırmış oldu. O göstərdi ki, əlində elm bayrağı daşıyan gənclərə də dəstək olmaq lazımdır.

Hədiyyəni alan tələbənin xanım olması sevincimi birə-yüz artırdı. Ürəyim dağa döndü ki, azərbaycanlı qızlar ali savad almağı üstün tuturlar, həm paytaxtdan xeyli uzaq bir rayonda, həm də oğlanlardan geri qalmayaraq ən yüksək nəticələr göstərməklə.  

Bəlkə də həmin qız heç maşın arzusunda olmayıb və heç o maşını sürməyəcək belə. Ancaq rayon rəhbərliyi tərəfindən belə bir mükafat almasının yaşatdığı sevinc ömrünün sonuna qədər onu təqib edəcək və bu diqqəti hər zaman qorumağa çalışacaq, ali məktəbdə də dərslərindən ən yüksək nəticələri qazanacaq. Və bunların nəticəsində ən savadlı, peşəkar həkim kimi xalqının keşiyində dayanacaq. Və bununla da həmin icra başçısı bu hərəkəti ilə Azərbaycan cəmiyyətinə savadlı həkim qazandırmış olacaq. Və əminəm ki, o həmin peşəkar həkim də digərləri kimi Bakıda qalıb işləməyi üstün tutmayacaq, Zaqatalaya qayıdıb öz elinə, obasına xidmət göstərəcək. Və bununla da icra başçısı həmin illərdə öz vəzifəsində olmasa belə Zaqatala sakinlərinə xidmət göstərmiş olacaq.

Zaqatala icra başçısının bu təşəbbüsü digər həmkarlarına, dövlət məmurlarına, millət vəkillərinə, iş adamlarına, sahibkarlara görk olmalıdırır. Hər kəs cəmiyyətə bir savadlı kadr qazandırmağı bacarmalıdır. Ən azından insanlıq, vətəndaşlıq borcu olaraq.

Ümid edirəm ki, Zaqatala rayon icra başçısının sırasına qoşulanların sayı ilbəil artan xətt üzrə davam edəcək...

Şərhlər