Səni sular boğdu, onu erməni...

05.09.2015 17:37     Bizim reaksiya     3451

Gözəl, məsum bala!

İki gündür gözlərim də, ağlım da, fikrim də rəsminə zillənib. Üzü quylu, əllərini yanında cəmləşdirib səssiz, səmirsiz yatan bala! Həyatda son laylasını eşitmədən ömürlük yuxuya gedən bala! Bu dünyanın gur işığına doymadan gözlərini əbədi qaranlığa yuman bala! Məktəbli paltarı geyinmədən, saçına lentini hörmədən  ömürlük sinifdə qalan bala! Taleyin qırmızı rəngini yaşamadan qırmızı köynəyiylə qara ölümə salam verən bala!

Ağ gəlinlik donunu geyinmədən ağ kəfənə bürünən Aylan bala!

Topunu partlatmağa macal tapmamış həyatını söndürdülər! Oyuncaqlarını köhnəltmədən diktatorların oyuncağına çevrildin!

Həyatda ilk mesajını yazmadan ölümünlə dünyaya mesaj oldun!

Rəsminə baxdıqca Xocalıda erməni vəhşiliyinin qurbanı olmuş başı yaylıqlı balaca qızcığazı xatırlıyıram...

Sənin kimi həyat məktəbindən məzun olmağı bacarmayan Xocalı balasını! Gözləri eşilərək öldürülmüş Xocalı balasını!

Çingiz Mustafayevin cəsədini qucağına alıb dünyaya hayqırdığı Xocalı balasını! Cəsədinin görüntüləri belə insanın cızdağını çıxardan Xocalı balasını!

O qədər bənzəyirsiniz bir-birinizə...

O da düşməndən qaçırdı eynən sənin kimi...

Səni sular boğdu, onu erməni... Bəlkə də sən ondan şanslı çıxdın. İşgəncə görmədən səssiz-səmirsiz boğuldun...

Çoxusu ağladı, sızladı sənin üçün, Aylan.

Səni didərgin salan müharibəni törədənlər belə ağladı. Ancaq nə faydası... sən oyanmadın ki... ayağa qalxıb “mən ölməmişəm, yuxuya getmişdim” demədin ki... o balaca tuflilərinlə tıpış-tıpış qaçıb boynumuza sarılmadın ki... 

Xocalı balası da ağlatmışdı bizi, elə indi də ağladır, məhv edir, canımızı çıxarır!

Aylanlar, Xocalı balaları, sizin üçün biz böyüklərin axıtdığı göz yaşlarına, oxuduqları ağılarına inanmayın...

Bizə inanmayın...

Biz sizin qatillərinizik.

Sizin ölümünüzə səbəb olan müharibələri başladan bizlərin göz yaşlarına inanılmaz ki... Sizləri qanınıza qəltan edən silahları yaradanların, o silahlardan atəş açanların göz yaşlarına inanılmaz ki...

Bəlkə də bir müddətdən sonra heç yadımıza belə düşməyəcəksiniz... Ya bəlkə də bu sirli dünyada sizin dərdinizi unutduracaq daha betər dərdlər açacağıq başımıza...

Sizə ağlamağımızın nə faydası var axı...

Ağlamaqla qatillərinizə hökm kəsmək mümkün olmayandan sonra...

Şərhlər