“Böyük qardaşlar”
11.06.2015 20:18 Bizim reaksiya 4677
Zaur Qəriboğlu
"Reaksiya.az" portalının direktoru,
yazar
Sabahdan “Baku - 2015” I Avropa oyunlarına start verilir. Bu vaxta qədər dövlətimiz bu oyunların baş tutması üçün nələr etmədi, nələrdən keçmədi... Onu bir biz bilirik, bir də bizi bilənlər... Nəhayət, uzun gərgin hazırlıqlardan sonra bu oyunların ilk açılış mərasimi olacaq. Dünən və bu gündən bir çox ölkələrin idmançıları şəhərimizdə qonaqdırlar. Qonaqları qarşılamaq üçün Azərbaycan dövləti tam şəkildə hazırdır. Bu günə kimi bir çox ölkələr oyunlara ləkə salmağa çalışsa da, biz bunu bacardıq. Ümid edirəm ki, uğurla da bu oyunları başa çatdıracağıq.
Bu oyunların mənfi və müsbət yanları var: Biz bir millət olaraq, hər zaman çalışırıq, məsələnin müsbət yanını bir kənara qoyub, mənfi yanından başlayaq. Mənfi tərəflərini götürüb, dəyər – dəyməz, başlayaq tənqidə... Amma mən bu gün mənfi yanlarına toxunmayacağam, çünki bundan öncəki yazımla oyunların adı ilə insanlarımıza, cəmiyyətimizə dəyən zərərlər barədə yazdım. Həmin yazıdan da hərə öz payını götürdü.
Deməli, dəfələrlə mədəniyyəti, idmanı siyasətə calaq etməməkdən dönə - dönə danışan, bunu tənqid edən Avropa və bir çox beynəlxalq təşkilatlar mövzu Azərbaycan olunca, necə ki, Qarabağ məsələsində ikili standartlardan çıxış edərək, dövlətimizə qarşı qərəzli mövqelərini ortaya qoyurdularsa, məhz, “Baku - 2015” I Avropa oyunlarında da bu qərəzli mövqelərindən əl çəkmədilər. Yenə yadlarına ölkədəki siyasi məhbuslar, insan hüquqlarının kəskin sürətdə pozulması düşdü. Hansı ki, məhz Qarabağ məsələsi də müzakirə olunarkən, bənzər səbəblər gətirib, mövzunun istiqamətini dəyişməyə çalışırdılar. Burda məqsəd Azərbaycanın demokratikləşməsinə dəstək vermək deyil. Bizim bəzi dostlarımız da Avropanın bu təpkilərini Azərbaycana dəstək kimi anlayır və özü də bilərəkdən, ya da bilməyərəkdən ermənipərəst qüvvələr tərəfindən maliyyələşən və hesablanmış prosesslərə dəstək verir. Bu isə birbaşa dövlətçiliyimizin təməlini qazmaqdır. Hansı ki, bunu edənlərin əksəriyyəti məhz Azərbaycan dövlətin qurulmasında müstəsna rolu olan insanlardır. Mən insanların siyasi məhbus mövzusundakı həsasslığını anlayıram. Mən demirəm ki, Azərbaycanda hər şey yüksək səviyyədədir, insanlarımızın gözəl həyat tərzi var, və s. Heç şübhəsiz ki, iqtisadi problemlər mövcuddur. Amma unutmamalıyıq ki, bu kimi problemlər hər yerdə var. Siyasi məhbus məsələsinə gəldikdə, mənim də şəxsiyyətinə hörmət bəslədiyim adamlar ola bilər ki, onlar da bu gün hər hansısa bir cinayət maddəsi ilə həbsdədir. Amma görünən odur ki, bu adamları durduqları yerdə heç kim həbsə salmayıb, konkret cinayət işi açılıb və törətdiyi cinayət sübut olunaraq, həbs edilib. Bunun üçün ölkədə məhkəmə orqanları var, onlar məşğul olur. Bu gün mən məhz Avropa - Azərbaycan münasibətlərindən və I Avropa oyunlarından danışmaq, öz fikirlərimi sizlərlə paylaşmaq istəyirəm.
Bu oyunların başlamasına bir neçə ay qalmış, əksər Avropa ölkələri, hətta Avropa parlamentinin özü belə Azərbaycanda insan hüquqlarının pozulması, siyasi məhbusların varlığı ilə bağlı guya, həyəcan təbili çalaraq, belə bir ölkədə möhtəşəm idman oyunlarının keçirilməsinin yolverilməz olduğunu bildirdilər. İndi mən sual edirəm: Bu sözləri manşet edən cənab avropalılar, səbəb nədir? Necə olur, bütün dünyanı qarışdırıb, “demokratiya” adı altında insanların azadlığını alaraq, sabitliyini pozan Amerika və digər böyük dövlətlər haqqında bu sözlər deyilmir?!
Amerika və Avropa dəfələrlə bizi Rusiyaya meyillilikdə ittiham edib, bu gün də edir. Amma indi gəlin, baxaq: Avropa və Amerika Azərbaycan müstəqilliyini qazanandan bəri bizim xeyrimizə hansı addımı atdılar ki, bu gün biz də onları böyük qardaş hesab edib, onlarla hesablaşaq?! 20 ildən çoxdur Azərbaycaanın Qarabağ problemi var və məhz bu dövlətlərin ikili siyasəti nəticəsidir ki, məsələ öz həllini tapmır. Nə öz gücümüzə silahlı müharibə edib, torpaqlarımızı azad etməyə imkan vermirlər, nə də, lazım olanda işləyən Avropa dəyərlərini, siyasətini işə salıb, haqlının mövqeyini müdafiə edib, torpaqlarımızın boşaldılmasında səy göstrmirlər. Hər zaman olduğu kimi lazım olanda demokratiyanı da, həmin dəyərləri də unudurlar. Bu halda Azərbaycan nə etməlidir?! İndiki halda Azərabaycana dəstək qardaş Türkiyədən və Rusiyadan gəldi. Hər iki ölkənin prezidentlərinin oyunların açılış mərasimində iştirakı gözlənilir. Bu halda Azərbaycanın yanında “böyük qardaşlar”dan kimsə görünmür. Yənə də “böyük qardaş” yerini Rusiya üzərinə götürür. Bu yeri isə Rusiyaya nə Azərbaycan verdi, nə də özü özbaşına gəldi. Bu yeri Rusiyaya məhz digər “böyük qardaş” - Avropa və Amerika verdi. Onların Azərbaycana qarşı laqeydliyi, ikili münasibəti Qarabağ məsələsində olduğu kimi I Avropa Oyunlarında da özünü göstərdi. “Böyük qardaşlar” Azərbaycanın uğurlarını görmək istəmir, hər hansı bir bəhanə ilə tarixdə ilk dəfə keçirilən bu oyunlara kölgə salmağa çalışırdılar. Amma bu mümkün olmadı. Çünki artıq Azərbaycan cəmiyyəti də əvvəlki deyil. Əvvəllər olduğu kimi Avropaya və bir çox beynəlxalq təşkilatlara inanmırlar. Heç Rusiyaya da inanmırlar. Amma nə edək, deyir, “dost dar gündə tanınar”.
Şərhlər