ÖZ olmaq kompleksi
20.06.2015 15:24 Bizim reaksiya 3186
Zaur Qəriboğlu
Bu gün hamı xalqın intellektini, təfəkkürünü tənqid edir. Deyirlər bu xalqın intellektual potensialı çox kasaddır. Niyə?! İllər öncə - elmin, texnikanın indiki qədər inkişaf etmədiyi bir vaxtda bu xalqın intellekti yüksək idi, indi aşağı?! Nə oldu axı, bütün dünya inkişaf edərkən, dünyada yalnız bizim millət intellektual səviyyə baxımından geri qaldı?! Əslində, bəlkə də “geri getməsi” daha faydalı olardı. Çünki bizlər bir çox dəyərlərimizi geridə qoyub gəlmişik.
Razıyam. Həyatda sabaha inamla yaşamalı, daim inkişaf etməlisən. Amma sağlam hisslər, sağlam dəyərlər üzərində. Razıyam ki, zamanla köhnə dəyərlər də yerini həvəslə yeni qazanılanlara verməlidir. Amma onu da unutmamalıyıq ki, yeni adına ərsəyə gətirilənlər köhnədən əsaslı olmalıdır. Baxaq, nəyi nəyə qurban vermişik?!
Əvvəllər hər şeydən öncə Azərbaycanda bir “ağsaqqal inistitutu” mövcud idi. Yəni, hamı ağsaqqal deyən sözü eşidər, ona hörmətlə yanaşardı. Ağsaqqal titulunu daşıyanlarınsa saqqalı ağ olmasa da belə, sözləri, hikmətləri ağ, təmiz idi. Amma bu gün bu institut demək olar ki, sıradan çıxarılıb. Niyə?! Kiçiklərmi daha böyükləri saymır?! Bəli, bu da var. Amma əsas səbəb təkcə bu deyil. Gəncliyi müstəqillik dövrünə düşən, bu gün ağsaqqallıq həddinə çatanların çox az hissəsini sözün əsl mənasında ağsaqqal adlandırmaq olar. Ona görə ki, indiki daha yaşlı “ağsaqqallar”ın saqqalı ağ olsa da, özləri, əməlləri qaradır. Əksər iş adamları, bir az artıq pulu olan “ağsaqqallar” nəvələri yaşında qız “sevirlər”. İnsanlıq o qədər ayaqlar altına düşdü ki, artıq bir çoxları şərəfini pula dəyişdi. Amma gəlin, baxaq, bunun kökü hardan gəlir axı?! Bütün dünyanın qibtə etdiyi “Azərbaycan ağsaqqallıq və ailə institutları” necə oldu ki, bu hala düşdü?! Cavabı çox sadədir. Xalqımız demokratiya əldə etdikdən sonra, paralel olaraq söz azadlığı, mətbuat azadlığına da nail oldu. Və bundan sui – istifadə edən media təsisatları ortaya çıxdı. Əsas məqsədi xalqı maarifləndirmək olan TV – lər, missiyalarının əksinə olaraq xalqı məhv etməyə başladılar. Onların ilk “uğurları” dünya insanının mənliyini, özünüdərki məhv etməyə hesablanaraq, əxlaqsızlığı təbliğ edən xarici serial və filmləri yayımlamaq oldu. Amma bununla da kifayətənmədilər. Başladılar fahişələri, geyləri, müğənni, aparıcı qismində efirlərə buraxıb, xalqa əxlaqdan dərs deməyə... Hansı Azərbaycan TV kanalını açırsan, orda ancaq çal – çağır, vur – çatlasın görürsən (İTV, Az.TV və Mədəniyyət kanallarını qismən bu siyahıdan çıxarmaq olar). Bir dənə də olsun maarifləndirən, millətin intellektinə hesablanan veriliş qalmayıb. Elə bil, hamısı, millətlərin məhv olması istiqamətində çalışan xüsusi institutlardan tapşırıq alıblar ki, öz xalqlarının genefondunu zaman-zaman məhv etsinlər. Görəsən, bu millətin, bu dövlətin tarixi, mədəniyyəti yoxdurmu?! Onları tapmırlarmı bu millətə təqdim etməyə?! Var, sadəcə, siz görmürsünüz, alacaqlarınız, qazanacaqlarınız gözünüzü kor edib. İndi sizə bir sual verim, bu gün bizim millətin intellektindən şikayət etməyə haqqımız çatırmı?! Yeni yetişməkdə olan nəsil efirə baxır, əksərən fahişələri, geyləri görür və düşünür ki, yəqin elə bunlar tipdə olmaq “məsləhətdir” ki, bu adamları efirə çıxarırlar, onlara hörmət edirlər. Yaxud da gedib, Oşonun kitabını alıb oxuyur. Görür dünyanın məşhur filosofu deyir ki, ailə - filan boş şeydir. Əgər, iki sevən ailə qursa da, sonra kimlə istəsə münasibət qura bilər, seks azaddır. Enində - sonunda sevgi varsa, yenə ona qayıdacaq, bir yerdə yaşayacaqlar. Uşaqları olsa da, uşaqları xüsusi düşərgələrə verib, ata-ana hərəsi bir tərəfdə öz kefini çəkməlidir. Arabir istəsələr gedib uşaqlarına baş çəkərlər. Bunu deyən bir hindistanlı filosof olsa da, əslində bu Avropanın Şərqə sırıdığı məhvetmə ideologiyasının bir parçasıdır. Və bunu oxuyan yeniyetmə də təbii ki, “seks azaddırsa, burda nə var ki, kimlə istəsəm, münasibətdə olaram” deyə düşünür. Bu düşüncə onun beyninə yeridilir... Bununla da ailə institutu məhv olur. Kimdir bunu edənlər, hansı məqsədlə edirlər, hamısı məlumdur. Əslində, dövlət bu məsələləri ciddi nəzarətə götürməli, ölkənin maraqlarını ayaq altına alan, millətin genofonduna zərbə vuran, insanlarımızı avropalaşmaq adı altında məhvə sürükləyən hər şeyə son verməlidir.
Alın, “Avropa”nızı başınıza çalın! Siz Avropadan bu millətə ancaq əxlaqsız olmağı, azad seksi gətirdiniz. Siz Avropanın elmini, bütün sahələrdə inkişafını göstərin. Göstərə bilmirsinizsə, daha milliləri “Avropa” adı altında məhv etməyin. Gələcək nəsillər yazıqdır. Unutmayın, bu gün demokratiyasından, söz və insan azadlığından ağız dolusu danışdığımız Avropa əxlaqsızlıqla bu yerlərə gəlib çatmayıb. Əsas uğurlarından biri ÖZü olmağıdır. ÖZü olub, kiməsə oxşamağa çalışmayıb. Nə olubsa, özü olub. Bu gün cəmiyyətimizin çox hissəsi ÖZ olma kompleksi yaşayır. Ona görə ki, məhz yuxarıda sadaladıqlarımın nəticəsindəndir ki, bir çox əqidəli, ÖZ ola bilən adamlara yuxarıdan aşağı baxır, onu geridəqalmış adlandırır. Anlamır ki, əsl aşağıda olan şəxs özünü satan, daxili dünyasını pula çevirənlərdi. Siz hansı tutarlı dəyərlərlə bizim dəyərləri məhv edirsiniz?! Bir qadının ürəyi istədiyi kişi ilə yatıb-durması, yaxud kişinin kişiylə, qadının qadınla münasibət qurması ilə?! Budurmu sizin “avropalılığınız”, budurmu sizin müasirliyiniz?! Millət öz təhsili, mədəniyyəti ilə millət olur. Unutmayın, ÖZü olmaqla bu mümkündür, başqasının atdıqlarını özünə götürməklə yox!
Bu gün xaricə oxumaq üçün gedənlərin əksərriyyəti geri dönmür, niyə?! Çünki burdan onu elə istiqamətləndirib göndərmisiniz ki, onlar bizdən üstündür, yaxşıdır, biz geridə qalmışıq. Onlar da heç nəyə pis baxmırlar və s. Bu millətə ÖZünün kim olduğunu anlatsaydınız, əmin edirəm ki, sizin bizə sırıdığınız “dəyərlərin” heç biri burda ayaq tutsaydı da yeriməzdi. Mən üsyan etmirəm, sadəcə, bu millətin məhv olmasını gözlərimlə gördüyümdən içim od tutub yanır. İnsanlarımızın ÖZ olmasını istəyirəm. Çünki, bizim ÖZ olmamızda demokratiya da var, söz azadlığı da. Ən əsası isə bizdə əxlaq var. Lütfən, əxlaqınızdan kimlərəsə görə utanmayın xanımlar, bəylər...
Şərhlər