АBŞ-da silahlı insident nəticəsində 14 nəfər ölüb - YENİLƏNİB-3

03.12.2015 07:16     Dünyadan reaksiya     1758

ABŞ-ın San-Bernardino şəhərində baş verən silahlı insident nəticəsində 14 nəfər ölüb, 17 nəfər yaralanıb.

Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə yerli polis idarəsinin rəisi Cerrod Burquan bildirib.

Onun sözlərinə görə, hücumda şübhəli bilinən iki nəfər (1 kişi və 1 qadın) polislə atışma zamanı öldürülüb: “Onlar avtomat silah və tapançalarla silahlanıb,  kamuflyaj geyimində idilər. Daha bir şəxs hadisə yerindən qaçmaq istəyərkən yaxalanıb. Hadisəni törədənlərdən birinin şəxsiyyəti artıq müəyyənləşdirilib. Son məlumatlara əsasən, insident nəticəsində 14 nəfər ölüb, 17 nəfər yaralanıb”.

Hadisənin terror aktı olub-olmaması barədə məlumat verilmir. Silahlı insidentin baş verdiyi mərkəzdə  müxtəlif kateqoriyalardan olan əlillərə, əqli və fiziki qüsurlu insanlara yardım göstərilir. Qeyd olunur ki, insident baş verən gün mərkəzdə bayram tədbiri keçirilirmiş.

***

05:08

ABŞ-ın San-Bernardino şəhərində həyata keçirilən əməliyyat nəticəsində silahlılardan biri məhv edilib, digəri isə saxlanılıb.

Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə, daha 1 cinayətkarın axtarışı davam etdirilir.

Əməliyyat zamanı 1 polis əməkdaşı yaralanıb. Onun həyatına təhlükə yoxdur. 

***

02:30

 ABŞ-ın San-Bernardino şəhərində (Kaliforniya ştatı) baş verən silahlı insident nəticəsində azı 14 nəfər ölüb, daha 14-ü yaralanıb.

Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Kaliforniya ştatının polis nümayəndəsi Cerrod Burquan bəyan edib.

Onun sözlərinə görə, atəş 3 nəfər tərəfindən açılıb. Onların kimliyi və cinayətin motivləri bəlli deyil. Hələlik xüsusi xidmət orqanları hadisənin terror olub-olmaması barədə açıqlama vermir.

Qeyd edək ki, hadisə məhdud fiziki imkanlı insanlar üçün mərkəzdə baş verib.

***

00:33

ABŞ-ın San-Bernardino şəhərində (Kaliforniya ştatı)  məhdud fiziki imkanlı insanlar üçün müəssisədə silahlı insident baş verib.

Reaksiya.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, ilkin məlumatlara əsasən, naməlum şəxs və yaxud şəxslərin açdığı atəş nəticəsində 20 nəfər ölüb.

Hazırda polis cinayətkarın tapılması istiqamətində iş aparır.

Hadisənin təfərrüatları müəyyənləşdirilir.

Şərhlər

Çox oxunanlar