ABŞ Dövlət Departamenti insan haqlarına dair hesabatını açıqladı

26.06.2015 13:08     Dünyadan reaksiya     1621

"Separatçılar Ermənistanın dəstəyi ilə Dağlıq Qarabağın böyük bir hissəsinə və ətraf 7 rayona nəzarət etməkdə davam edirlər”.
 
APA-nın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin İnsan Haqları ilə bağlı 2014-cü il üzrə hesabatında deyilir.
 
Qeyd olunur ki, BMT Qaçqınlarla iş üzrə Ali Komissarlığın hesabatına əsasən həll olunmamış münaqişə nəticəsində 622 892 nəfər didərgin düşmüş hesab edilir: “Dağlıq Qarabağın final status Rusiya, ABŞ və Fransanın həmsədrlik etdiyi ATƏT-in Minsk qrupu vasitəsi ilə beynəlxalq vasitəçilik prosesinin predmeti olaraq qalır. Təmas xətti və Ermənistan-Azərbaycan sərhədində gərginliyin artması müşahidə olunur. İyul, avqust və payızda hərbi fəaliyyətlər 1994-cü il atəşkəs razılaşmasından sonra bir ildə ən çox ölüm hadisəsinə səbəb olub".
 
Hesabatda qeyd edilir ki, il ərzində siyasi motivli itkin düşmə qeydə alınmayıb: “Əsir və İtkin düşmüş vətəndaşlarla iş üzrə Dövlət Komitəsinin 10 dekabr tarixli açıqlamasına əsasən 4 009 vətəndaş Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş hesab olunur. Beynəlxalq Qızıl Xaç Komitəsi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslərin işini araşdırmaqda davam edir və hökumətlərlə itkin düşmüş şəxslərlə bağlı vahid siyahının işlənməsi istiqamətində iş aparır: “BQXK əsirlərə və mülki şəxslərə yardım etməkdə davam edir və beynəlxalq humanitar hüquq çərçivəsində  onların müdafiəsini təmin etmək üçün il ərzində aylıq səfərlər həyata keçirir. Qurum əlaqələrin saxlanılması üçün onlar və ailələri arasında məktub mübadiləsini də həyata keçirir".
 
Dövlət Departamenti il ərzində Azərbaycanda azad fikir ifadə etmə, toplaşma və birləşmə sahələrində məhdudiyyətlər olduğunu da qeyd edir. Eyni zamanda hakimiyyətin müxalifətin mitinqlərinə icazə verdiyini də vurğulayır.
 
Departament həmçinin Azərbaycanda gender bərabərliyi, QHT fəaliyyəti, dini azadlıqlar, korrupsiya ilə bağlı məsələlərə də toxunub.

Şərhlər

Çox oxunanlar