Obamadan etiraf - "Heç vaxt şəxsi silahım olmayıb"
08.01.2016 14:32 Dünyadan reaksiya 1896
ABŞ Prezidenti Barak Obamanın heç vaxt şəxsi silahı olmayıb. Onun CNN telekanalının efirində ölkə əhalisinə müraciəti bu etirafla başlayıb.
"Reaksiya" AzərTac-a istinadən xəbər verir ki, müraciət Barak Obamanın bu yaxınlarda ölkədə odlu silah dövriyyəsinə nəzarətin gücləndirilməsi üçün bəzi tədbirlər haqqında qərarı ilə bağlı olub. Prezidentin bu qərarı ABŞ-ın “silah lobbisi” və onların Konqresdə, əsasən də müxalif respublikaçıların sıralarında olan çoxsaylı müttəfiqləri tərəfindən kəskin müqavimətlə qarşılaşıb. Onlar dövlət başçısını səlahiyyətlərini aşmaqda və amerikalıların konstitusiya haqlarına qəsd etməkdə təqsirləndirirlər. Belə ki, silah gəzdirmə hüququna ABŞ-ın əsas qanununa edilən ikinci düzəlişlə təminat verilib.
Ağ evin rəhbəri isə öz növbəsində heç bir yeni qanun tətbiq etmədiyini və qüvvədə olan qanunlardakı bəzi boşluqları aradan qaldırmağa çalışdığını bildirib.
Prezident Barak Obama 2011-ci ildə ABŞ Konqresinin üzvü Qebbi Giffordsa edilən hücumu, 2012-ci ildə Konnektikut ştatında yerləşən ibtidai məktəbdəki qətliamı və bu yaxınlarda Kaliforniyada baş verən insidenti xatırladaraq silahlı zorakılığın baş alıb getdiyi şəraitdə fəaliyyətsiz qalmağın yolverilməz olduğunu da qeyd edib.
Şərhlər