“Rusiyanın Gürcüstanda, Ukraynada nə işi vardı?” - Ərdoğan
08.01.2016 16:20 Dünyadan reaksiya 2006
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İŞİD terrorçuları tərəfindən İraqın şimalında Türkiyə hərbi kontingentinin olduğu Başika təlim düşərgəsinə hücum faktına münasibət bildirib.
"Reaksiya"nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan hadisə zamanı 18 terrorçunun məhv edildiyini söyləyib: “Bu durum Başika düşərgəsi ilə bağlı atdığımız addımın nə qədər doğru olduğunu göstərir. Oradakı əsgərlərimizin və yerli qüvvələrə təlim keçən zabitlərimizin bu tip hadisələrə nə qədər hazırlıqlı olduğu da ortadadır. Yaxın keçmişdə İraqonların əsgərlərinə təlim keçməyimizi istəmişdi. Baş nazir İbadinin Türkiyəyə səfəri zamanı bunları danışmışdıq. Bizə təlim düşərgəsi üçün yer göstərən də onlar olub. Amma Rusiya Türkiyə ilə arasında problem yarandıqdan və Bağdadda İraq, Rusiya, İran və Suriya tərəfindən ortaq mərkəz qurulduqdan sonra vəziyyət mənfiyə doğru dəyişdi. Hazırda biz beynəlxalq hüquq nəyi tələb edirsə, ona əsasən hərəkət edirik”.
R. T. Ərdoğan Rusiyanı sərt tənqid edib: “Rusiya deyir ki, bizi Suriyahökuməti ora çağırdı. Hazırkı Suriya hökuməti legitim deyil axı. “BMT o cür qəbul edir” deyirlər. Qəbul edə bilər, amma siz hər çağırıldığınız yerə getmək zorunda deyilsiniz. Vaxtilə Gürcüstana niyə girdiniz? Çağırıldığınız üçün girdiniz? Nə işiniz vardı Gürcüstanda?! Ukraynaya çağırıldığınız üçün girdiniz? Niyə girdiniz Ukraynaya?! Suriyada İŞİD-ə qarşı mübarizə apardıqlarını bildirirlər. Xeyr, hazırda Rusiya Suriyada İŞİD-ə qarşı mübarizə aparmır. Tam əksinə, orada mötədil müxaliflərə qarşı, üstəlik, bizim türkmən soydaşlarımıza qarşı bombardman həyata keçirir. Dünən Bayırbucak türkmənlərini qəbul etdim, hamısı kəndlərinin bombardman altında olduğunu söyləyir. Təəssüf ki, vəziyyət bundan ibarətdir, lakin ciddi dezinformasiya ilə dünyanı aldatmağa çalışırlar”.
Şərhlər