Britaniya mətbuatı: "Qadınlar üçün ən yaxşı ölkə hansıdır?"

22.01.2016 23:13     Dünyadan reaksiya     1522

ABŞ-ın “News and World Report” media qrupunun apardığı sorğuya görə Azərbaycan “qadınların yaşaması üçün ən yaxşı ölkələr”in reytinqində 60 ölkə arasında 57-ci yeri tutub.

“The İndependent” qəzetində dərc olunmuş məqalədə deyilir ki, bu sorğu bütün dünya boyunca 7000 qadın arasında keçirilib.

Bəri başdan deyilməlidir ki, sorğuda Azərbaycanın keçmiş sovetdən olan qonşuları Gürcüstan və Ermənistan iştirak etməyiblər.

Bu cədvəldə Azərbaycandan sonra yalnız Misir, Qvatemala, Pakistan və Əlcəzair var.

Türkiyə bu reytinqdə 39-cu, İran isə 53-cü ölkədir. Maraqlıdır ki, qadınların çox az hüquqları olan Səudiyyə Ərəbistanı 28-ci yerdədir.

Rusiya 29, Ukrayna 38-ci pilləni tutub. “The İndependent” yazır ki, reytinqin tərtibində gender və maaş bərabərliyi, təhlükəsizlik və müasirlik əsas kriteriyalar kimi götürülüb.

Danimarka birincidir

Cədvəldə birincilik Danimarkaya aiddir. Bu ölkə həm də pensiyaçı qadınların ən xoşbəxt ölkəsi sayılır. Danimarka, ümumilkdə qadınların yaşaması üçün ən yaxşı ölkə hesab olunub.

Hesabatda deyilir ki, “Danimarka dünyanın ən vergili, qışı ən uzun və günəşi saat 4-də qürub edən ölkəsi olsa da, bura qadınların xoşbəxt olduqları məkandır”.

Tədqiqatçılar hesab edirlər ki, Danimarkanın sosial təminat sistemi dünyanın “ən səxavətli” sistemlərindən biridir. Burada təhsil və səhiyyə demək olar ki, pulsuzdur. Danimarka valideynlərə, ələlxüsus da analara ən yaxşı şərait yaradan Avropa ölkəsi sayılır.

Danimarka həmçinin ABŞ-ın “News and World Report” qrupunun başqa bir hesabatına görə uşaq böyütmək üçün ikinci ən yaxşı ölkə sayılıb. Bu ölkə Save the Children xeyriyyəsinin 16-cı illik “Ana reytinqi”ndə dördüncü olub. Bu cədvəldə 179 ölkənin olması nəzərə alınmalıdır.

Qadınlar üçün ən yaxşı ölkələr cədvəlində ikinci yeri İsveç tutur. İlk onluğa Kanada, Hollandiya, Avstraliya, Yeni Zelandiya, Almaniya, Britaniya, Lüksemburq və Avstriya daxildirlər.

ABŞ 13-cü yerlə kifayətlənməli olub. “The İndependent” yazır ki, cədvəlin dibində gələn ölkələrdə, ümumiyyətlə insan haqlarının vəziyyəti bərbaddır.

Avropa İttifaqı bir neçə aya dağıla bilər

Davos İqtisadi Forumunda iştirak edən liderlər bildirirlər ki, “Brexit” və ya Britaniyanın Avropa İttifaqından çıxması birlik üçün “ölüm zəngi” ola bilər.

“The Telegraph” qəzeti yazır ki, Avropa liderləri Britaniyanın Avropa İttifaqında qalması üçün ürək titrədən çağırışla müraciət ediblər.

Onlar inanırlar ki, böyük bir böhranın tüğyan etdiyi şəraitdə bu, Avropa İttifaqı layihəsinin sonu ola bilər. Fransanın baş naziri Manuel Valls deyib ki, bütün Avropa sivilizasiyası ölümcül təhlükə altındadır və region özünümüdafiə üçün sıx birləşməlidir.

O deyib ki, “Britaniyanın gedişi faciə olardı”. Cənab Valls xəbərdarlıq edib ki, Avropa sistemi həyəcanverici dərəcədə kövrəkdir.

“Avropa tarixi dayağından məhrum ola və bütün layihə sürətlə məhvə gedə bilər”, – deyib Fransa baş naziri Davos Dünya İqtisadi Forumunda.

"Biz terrorizmə qarşı dünya müharibəsindəyik. Biz bu təhlükə ilə illər boyu yaşamalıyıq” – deyib cənab Valls.

Fransa baş naziri deyib ki, Avropa Liviya, Afrika Saheli regionunda və Suriyada İŞİD-i məğlub etmək üçün hücuma keçməlidir.

Almaniyanın maliyyə naziri Wolfgang Schauble da Britaniya xalqını bu il keçiriləcək referendumda ittifaqa “hə” deməyə çağırıb. Başqa cür olarsa, fəlakət baş verəcək, deyib nazir.

Berlindəkli suyasətçilər narahatdırlar ki, Britaniyanın ittifaqdan çıxması ilə daxili qüvvələr balansı pozula, Avropa İttifaqını birləşdirən sinir telləri qırıla bilər.

Image copyrightd
Image captionİrlandiyanın baş naziri Enda Kenny inandığını bildirib ki, Britaniya Avropa İttifaqının mərkəzi oyunçularından biri kimi birlikdə qalmalıdır.

Onların fikrincə, Londonun belə bir addımı Avropanı Almaniyanın arzuedilməz hegemonluğuna buraxa bilər, bu isə nəticədə Almaniya-Fransa münsasibətlərinə də mənfi təsir göstərər.

Cənab Schauble hələ bundan əvvəl də xəbərdarlıq edirdi ki, ittifaqın ən firavan üzvlərindən birinin sıradan çıxması, Asiya, Amerika və dünyadakı investorlarda, Aİ-nin daimi tənəzzüldə olması təsəvvürünü yarada bilər.

Ayrıca olaraq, Almaniya maliyyə naziri bəyan edib ki, Beynəlxalq Valyuta Fondunun iştirakı olmadan Yunanıstanın borcdan çıxarılması tədbirləri görülməyəcək.

BVF hələlik belə bir addımı atmaqdan imtina edir. Cənab Schauble deyib ki, Yunanıstanın borcları ilə BVF-siz məşğul olmaq, dinamitlə dolu otağa daxil olmağa bənzəyərdi.

Miqrant "dalğası dayanmır"

İrlandiyanın baş naziri Enda Kenny inandığını bildirib ki, Britaniya Avropa İttifaqının mərkəzi oyunçularından biri kimi birlikdə qalmalıdır. O deyib ki, Britaniyanın Avropa İttifaqını tərk etməsi İrlandiyanı da ciddi təsirləndirərdi.

İqtisadçılar bu qənaətdədirlər ki, Britaniyanın Aİ-ni tərk etməsi, əslində İrlandiya Respunblikası üçün fəlakətli nəticələrə səbəb ola bilər.

Hollandiyanın baş naziri və Avropa Şurasının hazırkı prezidenti Mark Rutte deyib ki, Britaniya İttifaqa rəqabətlilik verir və bu, Avropanın əsas dəyərlərindən biridir.

Cənab Rutte Britaniyanın Brüsselin diqtəsindən narahatlığını azaltmağa çalışaraq deyib ki, London İttifaqda kifayət qədər güclü nüfuza malikdir.

Avropa liderləri narahatdırlar ki, qitənin böyük miqrant dalğası ilə üzləşdiyi bir vaxtda Britaniyanın Avropa İttifaqından çıxmasına dair söz-söhbət əlavə naraharçılıq yaradır.

Image captionBu ilin ilk üç həftəsi ərzində Avropa ərazisinə daha 35 min yeni miqrant gəlib.

Bu ilin ilk üç həftəsi ərzində Avropa ərazisinə daha 35 min yeni miqrant gəlib.

Şəkər vergisi də gəlir?

“The Guarduian” yazır ki, Britaniyanın aparıcı səhiyyə təşkilatları baş nazir David Cameronu şəkərli içkilərə 20 faizlik əlavə vergi qoyulmasına çağırıblar.

Baş nazir bu yaxınlarda “uşaq piylənməsi” ilə bağlı strategiyasını açıqlamalıdır. Cənab Cameron bildirib ki, ictimaiyyətin təzyiqlərini nəzərə alaraq şəkərə vergi qoyulmasını istisna etmir.

Şəkərə əlavə vergi qoyulması şəkərli ərzaq mallarının, ilk növbədə qazlı-qazsız şəkərli içkilərin bahalaşmasına səbəb olacaq.

Kampaniyaçılar bildirirlər ki, yalnız bu yolla bir çox şişman insanların şəkər şakərinə son qoymaq olar. Şəkərli içkilərə əlavə vergi qoyulması məsələsi Britaniya parlamentində “uşaq piylənməsi”nə dair debatlarda bir daha gündəmə gəlib.

Mühafizəkarlar partiyasından doktor Sarah Wollaston deyib ki, supemarketlərin endirim tətbiq etdikləri ərzaq məhsullarının tam yarısını şəkərli qidalar təşkil edir.

Millət vəkili uğurlu nümunə kimi Meksikanı göstərib. Orada 2014-cü ilin əvvəllərindən Coca-Cola və başqa sərinləşdirici içkilərə qoyulan 10 faizlik əlavə vergi belə məhsulların istehlakını kəskin azaldıb.

Şəkər vergisi, tərkibində yalnız şəkər əvəzediciləri və ya şirinləşdiricilər olan içkilərə şamil olunmayacaq. “The Guardian” yazır ki, Britaniya Səhiyyə Sistemi artıq 2020-ci ilədək öz xəstəxanalarının bufet və kafelərində şəkərli içkilərə 20 faiz əlavə vergi qoyulacağını bildirib.

Səhiyyə rəsmiləri bildirirlər ki, dövlət təkcə diabet xəstələrinə ildə 10 milyard funt sterlinq xərcləməli olur.

Şərhlər

Çox oxunanlar