Kişinyov qərarını Avropanın xeyrinə verir

29.06.2015 14:47     Dünyadan reaksiya     1786

Moldova paytaxtı Kişinyovda mer seçkilərinin ikinci raundu keçirilib. 

ANS PRESS-in məlumatına görə, ölkənin Mərkəzi Seçki Komissiyası bildirib ki, səslərin sayılması prosesi yekunlaşıb və bülletenlərin 99 faizi sayılıb. 

İlkin nəticələrə görə, indiki avropapərəst mer Dorin Çirtoaca səslərin 53.44 faizini qazanıb. Rusiyapərəst namizəd Zinaida Qreceanai isə 46.56 faizini toplayıb. O, məğlubiyyətini etiraf etməyib və seçkilərin təkrar keçirilməsini istəyir.

Sosialist Partiyasının lideri İqor Dodon da seçki zamanı ciddi qanun pozuntuların olduğunu söyləyib. O, bu gün səhər bildirib ki, partiyası seçkilərin nəticəsini tanımır və qəbul etmir.

Ümumiyyətlə, bu seçki Moldovanın Avropa İttifaqına, yoxsa Rusiyaya yaxınlaşması sualına bir növ aydınlıq gətirib. 
Ekspertlər də bu seçkini Moldovanın gələcək siyasi kursunun necə olacağı barədə sınaq adlandırıblar. Onların fikrincə, Avropa İttifaqı yolunu tutan namizədin seçkidə irəlidə olması gözlənilən idi. Maraqlıdır ki, ötən ilin noyabrında Moldova Respublikasında 29 siyasi partiya, bir seçki bloku və dörd müstəqil namizədin iştirakı ilə keçirilən parlament seçkilərində də qərbpərəst qüvvələr qalib gəliblər.

Moldova Mərkəzi Seçki Komissiyasının sədri Yuriye Çokan deyib ki, Kişinyovda mer seçkiləri baş tutub. Seçicilərin çoxu səsvermədə iştirak edib. Yaxın vaxtlarda təsdiqləmə proseduru başa çatdırdıqdan sonra rəsmi nəticələr elan ediləcək. 

Şərhlər

Çox oxunanlar