ABŞ və Kilikiya Patriarxlığı İrəvandan narahatdır

29.06.2015 15:31     Dünyadan reaksiya     1650

Kilikiya Erməni Patriarxlığı İrəvanda yaranmış gərgin vəziyyətlə əlaqədar narahatlıq ifadə edən bəyanat yayıb.

ANS PRESS-in məlumatına görə, bəyanatda deyilir ki, Ermənistanda baş verən hadisələrlə bağlı narahatlığımızı ifadə etməyə bilmirik. "Biz çox narahatıq. Xalq və hakimiyyət millətimizin və dövlətin ən əhəmiyyətli maraqları haqqında birgə düşünməyə məcburdur. Hamı birlikdə düşünməlidir, nə etmək lazımdır ki, vətənimizin dövlət əsasları möhkəmlənsin və bizim xalqımızın rifahı yaxşılaşsın".

Bəyanatda xüsusi olaraq Ermənistan rəhbərləri xalqın səsini eşidəcəyi, onların tələblərini yerinə yetirəcəyinə əminlik vurğulanır. 

"Həmçinin ümidvarıq ki, xalq narahatlığa son qoyacaq və seçilmiş rəhbərin yanaşmasına etiraz etməyəcək".

XVII –XVIII əsrlərdə Vatikanın təbliği ilə İstanbulda və Kilikiyada sırf katolikliyə xidmət edən Erməni Katolik Kilsəsi yaradılıb. Hazırda katolik ermənilərin dünya üzrə sayı 560 min nəfərdir. Əsas mərkəzləri isə İrəvanda yox, Livanın paytaxtı Beyrutda yerləşən Kilikiya Erməni Patriarxlığıdır.

Bu arada ABŞ-ın Ermənistandakı səfirliyi də İrəvandakı vəziyyətlə əlaqədar narahatlığını bildirib. Səfirliyin "Twitter" səhifəsində yerləşdirilən yazıda deyilir: "Biz yaranmış gərgin vəziyyətdən çox narahatıq. Tərəfləri ləyaqətli demokratiyanın dəyərləri olan sülh, təmkinli davranış göstərməyə çağırırıq."

Ümumiyyətlə, Ermənistan paytaxtında minlərlə sakin Baqramyan prospektində toplaşıb etiraz aksiyasını davam etdirirlər. Onların arasında xeyli sayda qadın və uşaq var. Uşaqlar əllərində bayraq tutublar. Polis azyaşlıların etiraz yerindən uzaqlaşdırılmasına dair xəbərdarlıq edir. Mətbuat işçilərinə də polisə mane olmamaq üçün ərazini tərk etmək göstərişi verilib.

Bu arada deputatlar, şou biznes təmsilçiləri, tanınmış ictimai xadimlər etirazçılarla polis arasında “canlı divar” yaradıb. On gündür İrəvanın mərkəzində nümayişçilər avqustun 1-dən elektrikin qiymətinin 16 faiz artmasına etirazlarını bildirirlər. 

Prezident Serj Sarkisyan deyib ki, Rusiyaya məxsus müstəqil audit elektrik şirkətinin qiymət artımı qərarının ədalətli olub-olmamasını araşdırana qədər hökumət qiymət artımının yükünü üzərinə götürəcək.

Etirazçılar isə hökumətin qərarının ləğvini, iyunun 23-də aksiyanın zorakılıqla dağıdılmasına görə məsuliyyət daşıyan polis əməkdaşlarının cəzalandırılmasını tələb edir.

Şərhlər

Çox oxunanlar