Erməni etirazçılar dağılışırlar?
30.06.2015 11:00 Dünyadan reaksiya 1797
Ermənistanda "Talana yox" qrupu Azadlıq meydanındakı mitinqi dayandırıb. ANS PRESS-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, aksiyanın təşkilatçısı Maksim Marqaryan jurnalistlərə onların meydanı tərk etdiklərini deyib. Bu gün isə "Talana yox" qrupu mətbuat konfransı keçirəcək və növbəti fəaliyyətləri haqqında danışacaq.
Bununla belə, Baqramyan prospektində hələ də xeyli sayda etirazçı var. Polis növbəti dəfə etirazçıları asayişi qorumağa səsləyib.
İrəvan polis rəisinin müavini Valeri Osipyan özü aksiya iştirakçılarına müraciət edib. O, hətta onları da hədələyib və deyib ki, əgər səs-küy kəsilməsə bəzi üsullara əl atmalı olacaq.
Daha öncə isə o səsgücləndirici quraşdırmağı qadağan etmişdi. Bundan sonra etirazçılar portativ səsgücləndiricilərdən istifadə etməli olmuşdular.
İyunun 19-dan Ermənistanda elektrik enerjisinin bahalaşmasına qarşı etiraz aksiyaları keçirilir. Etirazçıların bir qismi Baqramyan prospektində toplaşıblar. Digər qismi isə polisin prospektdəki aksiya iştirakçılarına müdaxiləsindən sonra Azadlıq meydanında yığışıblar.
"Talana yox" qrupu etirazlarda 3 əsas tələb irəli sürüb. Onlar elektrik enerjisi tarifinin artırılması haqqında qərara yenidən baxılmasını və onun ləğv edilməsini, keçən il müəyyən edilən tarifi daha da aşağı endirmək məqsədilə yenidən nəzərdən keçirilməsini tələb edirlər. Narazı ermənistanlıların 3-cü tələbi isə iyunun 22-də Baqramyan prospektində etirazçılara qarşı qəddar davranan polislərin cəzalandırılmasıdır.
Şərhlər