Britaniya mətbuatı: Neftin qiymətini “Rusiyanın bəyanatı qaldırıb”

29.01.2016 13:54     Dünyadan reaksiya     1774

“The Daily Telegraph” qəzeti yazır ki, Rusiya Səudiyyə Ərəbistanı ilə neft qiymətlərini müzakirə etməyə hazır olduğunu bildirəndən sonra qara qızılın qiyməti birdən birə 8 faiz qalxıb.
 
“Reaksiya” "BBC"-yə istinadən xəbər verir ki, qəzet yazır ki, cümə axşamı Brent markasından olan neftin qiyməti 35, 85 dollara çatıb. Bundan bir qədər əvvəl Rusiyanın energetika naziri Aleksandr Novak bəyan etmişdi ki, onun hökuməti neft bazarında əlaqələndirilmiş hərəkət üçün OPEC-lə məsləhətləşmələr aparmaq istəyir.
 
Novak həmçinin bəyan edib ki, səudlar da neft hasilatının ixtisarına dair danışqlarda maraqlı olduqlarını bildiriblər.
Nazir deyib ki, razılıq əldə olunarsa, Rusiya öz hasilatını 500 min barrel ixtisar edə bilər.
 
Hətta rəqiblərlə işbirliyi
 
Səudiyyənin əsas oyunçu olduğu OPEC dünya neft təchizatının 40 faizini verir. Lakin Səudiyyə bu günədək təşkilatın neft hasilatını azaltmaq barədə çağırışlarına məhəl qoymayıb.
Kartelin bazarı neftlə doldurması nəticəsində qiymətlər 2003-cü ildən bəri ən aşağı həddinə - bir barrel üçün 28 dollara enmişdi.
 
“The Telegraph” yazır ki, məhz Rusiya nazirinin bəyanatından sonra qiymətlər az qala 36 dollara çatıb, lakin sonradan 34 dollara enib.
Rusiya OPEC üzvü olmayan ixracatçılar arasında ən böyük neft hasilatçısıdır və bu ölkədə neft istehsalı 2015-ci ildə Sovet dövründə olduğu kimi rekord səviyyəyə çatıb.
“The Telegraph” yazır ki, OPEC üzvləri iki neft nəhənginin bir araya gəlib dil tapmasına son günlər daha intensiv çağırış edirdilər.
 
OPEC-in baş katibi Abdulla əl-Badri bu həftə Londonda etdiyi çıxışında demişdi ki, onun təşkilatı 2014-cü ildən bəri 72 faiz ucuzlaşan neftin qiymətini xilas etmək üçün hətta rəqiblərlə də işbirliyinə hazırdır.
Qiymətlər “müvəqqəti” qalxıb
Lakin qəzet yaszır ki, analitiklər Moskva və Riyad arasında hər hansı razılaşmanın baş tutacağına skeptik yanaşırlar.
 
Capital Economics şirkətindən Julian Jessop bildirib ki, Səudiyyə Rusiyanın etibarlı partnyor olmasına inanmır.
“The Guardian” qəzeti də hesab edir ki, neft qiymətlərinin son üç gündə dalbadal qalxması “müvəqqəti haldır”.
Qəzet təhlilçilərə istinadən yazır ki, qiymətlər Rusiya nazirinin bəyanatı ilə əlaqədar qalxıb və bazarlardakı fiziki balansı əks etdirmir.
 
Onların fikrincə, Rusiya sadəcə olaraq neft bazarındakı əhvalı dəyişməyə çalışır.
Avropa miqrantların kütləvi deportasiyasına hazırlaşır
“The İndependent” qəzeti yazır ki, Avropa Komissiyası İsveçin 80 min qaçqını deportasiya etmək barədə ziddiyyətli planını dəstəklədiyini bildirib.
 
Komissiya rəsmiləri deyiblər ki, sığınacaq barədə ərizələri rədd edilmiş miqrantların deportasiya edilməsi Avropa İttifaqının miqrasiya siyasətinə uyğundur.
Komissiyanın sözçüsü Natasha Bertaud deyib ki, ölkələr sığınacaq ala bilməyən miqrantları çebvik şəkildə gəldikləri yerə qaytamaq haqqına malikdir.
 
Sözçü bəyan edib ki, “biz adamlarda Avropanın açıq qapı olması təsəvvürünün yaranmasını istəmirik”.
İsveç Almaniyadan sonra ən çox miqrantın can atdığı ölkədir. Hesab edlilir ki, öz əhalisinin sayına nisbətdə İsveç ən çox qaçqını qəbul etmiş ölkə sayılır.
 
Bu ölkəyə 2015-ci ildə 160 min miqrant gəlib. Onlardan 58 min nəfərinin sığınacaq ərizələrinə baxılıb və bunun 55 faizi müsbət həll edilib. “The İndependent” yazır ki, bu, bütün Avropada ən yüksək rəqəmdir.
Lakin qəzet bunu da əlavə edir ki, İsveç sərhəd nəzarətini artırandan bəri ölkəyə gələn miqrantların sayı kəskin azalıb. Oktyabr ayında İsveçə daxil olmaq istəyənlərin sayı həftədə 10 mindən cəmi 100 nəfərə düşüb.
Könüllü qayıtmasalar, zora əl atılacaq
 
İsveçin daxili işlər naziri Anders Ygeman deyib ki, miqrantların gəldikləri ölkələrə qaytarılması üçün təyyarələrdən istifadə ediləcək. “İlk addım könüllü qayıdış olacaq, lakin bu üsul işləməsə zordan istifadə etmək lazım gələcək” – deyib nazir.
 
Qəzet yazır ki, geri qaytarılanların əksəriyyətinin Əfqanıstan və Mərakeşdən olduğu düşünülür. Finlandiya da miqrantların kütləvi deportasiyasına hazırlaşır. “The İndependent” yazır ki, bu ölkədəki 32 min miqrantdan 20 mini deportasiya olunacaq.
 
Qəzet yazır ki, bu, müasir Avropanın tarixində ən kütləvi deportasiyalar olacaq.
Hollandiya təklif edib ki, Yunanıstana gələn qaçqınlar dərhal bərələrə doldurularaq Türkiyəyə göndərilməlidir.
 
Çilidən oğurlanmış qartalı Dubaya apara bilmədilər
“The Guardian” qəzetində sərhədlərlə əlaqəsi olan daha bir məqalə dərc olunub.
Məqalədə söhbət nadir qartal növünün 4 yumurtasını sərhəddən keçirmək istəyən qaçaqmalçının yaxalanmasından gedir.
Albonos şahin quşunun yumurtalarını oğurlamış şəxsi Braziliya hava limanlarından birində həbs ediblər.
Əvvəllər eyni cinayət üstündə məhkum edilmiş irlandiyalı Jeffrey Lendrum Pataqoniya qayalıqlarındakı yuvadan götürdüyü yumurtaları qaçaqmalı yolu ilə Dubaya çatdırmalı imiş.
 
Zəngin Dubay şeyxləri ən yaxşı ov quşlarından biri sayılan şahinlərə xeyli pul ödəməyə həmişə hazırdırlar. Lakin bu dəfə alıcı quşların səriştəli alverçisi barədə Çili polisinə anonim xəbər verilib.
Nəticədə Lendrum Braziliyanın San Paulo hava limanında həbs olunub. Onun baqajındakı inkubatorda dörd şahin yumurtası aşkar olunub. Bu vaxt artıq yumurtaların birindən qartal cücəsi çıxmışdı. Digər üç yumurtanı xilas etmək mümkün olmayıb.
 
Yumurtanın biri 80 min dollara
“The Guardian” yazır ki, bir şahin yumurtasına qara bazarda 80 min dollar verirlər.
Şahinlər dünyanın ən sürətli quşları hesab edilir. Ov üzərinə şığıyarkən şahinin sürəti saatda 385 kilometrə çatır.
Şahinlər dünyanın çox yerlərində yaşasalar da, albinos növünə yalnız Pataqoniyada rast gəlinir.
Qaçaqmalçıya gəlincə isə, o hər yumurtaya 1 il iş alıb.
 
Sağ qalmış şahin balasını Pataqoniyaya gətiriblər. Burada iki alpinist 30 metrlik qayaya dırmanaraq şahin balasını boş qalmış yuvaya qoyublar.
Xəbər verilir ki, az sonra ana qartal gəlib və balasını qanadları altına alıb.

Şərhlər

Çox oxunanlar