Çılpaq heykəllərin örtülməsi rüsvayçılığa döndü

30.01.2016 16:13     Dünyadan reaksiya     1374

İranlılar italyanların çılpaq heykəlləri örtməsini internetdə bir xeyli lağa qoyublar.

Prezident Həsən Ruhani bu həftə Romaya rəsmi səfərə gəlib. Son dəfə İran prezidenti bu ölkədə on il bundan əvvəl olmuşdu. O Kapitolina muzeyinə baş çəkərkən buradakı qədim çılpaq heykəllərini örtmüşdülər. Bu, bir növ İslam Respublikasının liderinə hörmət ifadəsi olmalıydı.

Bu hörmətin davamı olaraq İran prezidentinin süfrəsinə şərab da qoyulmamışdı.

Amma iranlı internet istifadəçilərinin çoxu üçün italyanların bu nəzakəti lağlağı obyektinə çevrilib.

İnternet şərhlərinin çoxunda İranın siyasi həyatında tez-tez eşidilən xəbərdarlığı görmək olardı: “İslam təhlükədədir.”

Buna görə də, istifadəçilərdən bəziləri italyanlara İslamı xilas etdiklərinə görə “təşəkkür” bildirirdilər.

“İslamı təhlükədən xilas etmək üçün muzey heykəllərini qutulara saldılar”, bir Facebook istifadəçisi yazıb.

Twitter istifadəçilərindən biri isə yazırdı ki, “İranla nəzərdə tutulan ticarət müqavilələrinin qiymətlərinə baxanda italyanlar gərək bu heykəlləri, ümumiyyətlə, vurub sındıraydılar…”

İran prezidentinin İtaliya səfəri zamanı Tehran və Roma arasında 17 milyard avroluq müqavilələr imzalanıb.

Çox geniş paylaşılmış bir "meme" iranlılara yaxşı tanış idi, çünki İran internetində filtrlənmiş səhifələr məhz belə görünür. Heykəli örtən qutuya belə səhifələrdən bir neçəsi “yapışdırılıb".

Amma internet istifadəçilərinin heç də hamısı məsələyə gülüş və yumorla yanaşmayıb, hiddət və qəzəb bildirənlər də olub.

Onlar İtaliyanın “qəribə hərəkətinə” təəccüblənir və baş verənlərdə İran rəhbərliyini günahlandırırlar.

“Ruhaninin səfəri zamanı heykəllərin örtülməsi, gülməli yox, ağlamalı deyilmi?” – Twitter şərhlərindən birində soruşulurdu.

“Məncə heykəllərin örtülməsi həm italyanlara, həm də iranlılara təhqirdir” – deyə başqa bir şərhçi cavab verib.

Facebookdakı postların birində isə bildirilirdi ki, çılpaq heykəlləri örtüb gizlətmək qərarını iranlılar yox, italyanlar veriblər. Bəzi istifadəçilər “İran ruhani rejimini məmnun etmək üçün öz mədəniyyətini gizlədən italyanları” qınayıb.

Bu yanaşmanı internetdə çox sayda italyan da bölüşür.

“Bir italyan və bir romalı kimi mən pərt olmuşam. Bu rüsvayçılıqdır” - bir Tvitter istifadəçisi yazır.

Başqa bir italyan isə xarici qonağın qarşısında heykəllərin gizlədilməsini “mədəniyyət intihari” kimi qiymətləndirir.

Şərhlər

Çox oxunanlar