İran: ABŞ-a xalça ixracı bərpa edilir

31.01.2016 00:56     Dünyadan reaksiya     1209

İranın Milli Xalça Mərkəzinin rəhbəri bildirib ki, bu il əllə toxunmuş xalçaların ABŞ-a ixracı bərpa ediləcək.

"Reaksiya.info" xəbər verir ki, 2016-cı ili "bərpa ili" adlandıran Həmid Kərgər ümid edir ki, hazırki ixracın aşağı səviyyəsi qarşıdakı aylarda artacaq.

"Amerikalı iş adamlarının əllə toxunmuş İran xalçalarına yüksək marağı onu göstərir ki, Amerikaya ixrac tezliklə başlayacaq", İranın Mehr agentliyi yazır.

Rəsmi bildirib ki, ixrac barədə pozitiv siqnallar Almaniyada keçirilmiş DOMOTEX sərgisində amerikalı sərmayəçilərlə danışıqlarda hiss edilib.

Sərmayəçilərlə İrandan əllə toxunmuş məhsulların sifarişi və satın alınması müzakirə edib.

"Sanksiyaların götürülməsi İran xalçası fəallarına itirilmiş bazarda canlanma ümidləri gətirsə də, arxayınçılıqdan qaçmaq lazımdır. Biz plana uyğun hərəkət etməliyik", Həmid Kərgər deyib.

Onun sözlərinə görə, hazırda bazarın böyük hissəsinə malik Hindistan və Pakistan kimi rəqibləri də unutmaq olmaz.

Son 5 ildə Hindistan ABŞ-a xalça ixracında birincidir.

"Gənc nəslin zövqünü və rəqiblərin fəaliyyətlərini izləmək lazımdır", cənab Kərgər bildirib.

Onun sözlərinə görə, ixrac dayanıqlı bazar şəraitində edilməlidir.

2010-cu ildə İrana sanksiyalar qoyulmazdan öncə ABŞ İranın əsas xalça idxalçısı olub.

Şərhlər

Çox oxunanlar