Alman sağçı siyasətçisi miqrantları atəşə tutmağa çağırıb

31.01.2016 12:46     Dünyadan reaksiya     1368

Sağçı “Almaniya üçün alternativ” (AfD) avroskeptiklər partiyasının sədri Frauke Petry bəyan edib ki, lazım gələrsə Alman polisi ölkəyə qeyri-qanuni daxil olmağa cəhd edən miqrantlara atəş açmalıdır.
 
“Reaksiya” "BBC"-yə istinadən xəbər verir ki, Mannheimer Morgen qəzetinə müsahibədə xanım Petry qeyd edib ki, polis Avstriyadan Almaniyaya daxil olmağa çalışan miqrant axınını dayandırmalıdır, və ekstremal halda silahdan istifadə etmək qanunun tələbidir. “Mən istəmirəm ki, belə olsun, lakin silah işlətmək son çarədir”, - o deyib.
 
Frauke Petry-nin sözləri solçu alman siyasətçiləri və polis nümayəndələri tərəfindən pislənib.
Rəsmi məlumatlara görə, ötən il ərzində Almaniyaya - əsasən Yaxın Şərq və şimali Afrika ölkələrindən – 1,1 milyondan çox miqrant gəlib.
 
Almaniya kansleri Angela Merkel şənbə günü bəyan edib ki, suriyalı və iraqlı qaçqınların əksəriyyəti, onların ölkələrində silahlı münaqişələr bitdikdən sonra, evlərinə göndəriləcək.
 
“Radikal ideyalar”
 
Tanınmış alman sol mərkəzçi siyasətçisi, Sosial Demokrat Partiyasının üzvü Thomas Oppermann Frauke Petry-nin mülahizələri ilə bağlı bəyan edib ki, “hakimiyyəti dövründə miqrantların atəşə tutulduğu son Almaniya lideri Erich Honecker olub”.
 
Çoxları Berlin divarını aşmaq istəyən insanların ölümündə görə məsuliyyətin Almaniya Demokratik Respublikasının lideri Erich Honecker-in üzərinə düşdüyünü düşünür.
 
Almaniya Polis Həmkarlar İttifaqının bəyanatda deyilir ki, polislər insanlara atəş açmayacaqlar.
Bəyanat müəllifləri xanım Petry-nin mülahizələrini “radikal və qeyri-insani ideyaların” izharı adlandırıblar.

Şərhlər

Çox oxunanlar