Rusiya: hava məkanının pozulması "olmayıb"

31.01.2016 15:45     Dünyadan reaksiya     1344

Rusiyanın Müdafiə Nazirliyi Türkiyənin Rusiya təyyarəsinin onun hava məkanını pozmasıyla bağlı iddialarını inkar edib.

"Reaksiya" BBC-ə istinadən xəbər verir ki, nazirliyin general-mayoru İqor Konaşenkov hadisəni Türkiyə hakimiyyətinin "boş təbliğatı" adlandırıb.

"Türkiyə tərəfi ilə hər hansı səsli əlaqəmiz çoxdan yoxdur" deyən rəsmi hər hansı bir səsli xəbərdarlığın qeydə alınmadığını əlavə edib.

Şənbə günü Türkiyənin Xarici İşlər Nazirliyi bildirib ki, xəbərdarlıq edilməsinə baxmayaraq Türkiyənin hava sərhədini pozan Rusiya təyyarəsi barədə Rusiyanın Ankaradakı səfirinə məlumat verilib, Associated Press yazıb.

Nazirliyin bəyanatında deyilir ki, cümə günü SU-34 təyyarəsinə Türkiyənin hava məkanına daxil olmazdan öncə ingilis və rus dillərində xəbərdarlıq edilib.

Noyabrda Türkiyə onun hava sərhədini pozmuş Rusiyaya məxsus təyyarəni vurub.

Nəticədə iki ölkə arasında siyasi və iqtisadi böhran yaranıb.

"Rusiya Federasiyasına məxsus SU-34 təyyarəsi cümə günü 9.46-da (Bakı vaxtilə) Türkiyənin hava məkanına müdaxilə edib", XİN bəyan edib.

Qurum Rusiyanı gərginliyi dərinləşdirməkdə ittiham edib və bildirib ki, hər hansı "ağır" nəticəyə görə Rusiya məsuliyyət daşıyacaq.

Prezident Recep Tayyip Erdoğan isə bildirib ki, baş verənlərlə bağlı rusiyalı həmkarı cənab Putinlə görüşmək istəyir.

"Rusiya Türkiyənin suveren hüquqlarını pozmağa davam edərsə, nəticələrinə qatlanacaq."

O əlavə edib ki, belə "məsuliyyətsiz" addımlar nə Rusiyanın, nə də Rusiya ilə NATO-nun, nə də regionda sülh məqsədlərinə xidmət edir.

NATO-nun baş direktoru Jens Stoltenberg isə bəyanat verərək Rusiyanı "alyansın hava məkanına hörmət etməyə" çağırıb.

Şərhlər

Çox oxunanlar