"Bizim yeni uğur hekayələri yazmağa ehtiyacımız var" - Əhməd Davudoğlu
02.02.2016 09:00 Dünyadan reaksiya 1999
Səudiyyə Ərənistanında rəsmi səfərdə olan Türkiyənin baş naziri Əhməd Davudoğlunun bu ölkədə təmasları davam edir.
ANS PRESS-in məlumatına görə, Davudoğlu paytaxt Riyadda ümumi dövriyyəsi 500 milyard dollar olan 20 şirkətin sahibi ilə görüşüb. Türkiyənin baş naziri Türkiyə və Səudiyyə Ərəbistanının bir-birini tamamlayan potensiala sahib iki ölkə olduğunu bildirib.
“Bizim yeni uğur hekayələri yazmağa ehtiyacımız var. Sizin ehtiyaclarınız bizdə, bizimki sizdə var. Bu coğrafiyada iki istiqrarlı nöqtə var: biri Türkiyə, digəri Körfəz. Səudiyyə Ərəbistanı Körfəzin lokomotividir. Sizin potensialınız Türkiyə ilə, Türkiyənin potensialı sizinlə birləşdiyi zaman çox böyük sinerji yaranır” - Davudoğlu deyib.
Türkiyənin səmərəli inkişafına və dinamikasına heyran qaldıqlarını deyən yerli biznesmenlər bu ölkədə neft-kimya, bərpa olunan enerji, islami bankçılıq, kənd təsərrüfatı, nəqliyyat, müdafiə sənayesi sahələrinə investisiya qoymaq istədiklərini bildiriblər. Biznesmenlər həmçinin türk investorları ölkələrinə investisiya qoymağa dəvət ediblər.
Yerli biznesmenlərə müraciət edən Davudoğlu ölkəsinin hər zaman əcnəbi biznesmenləri dəstəklədiyini qeyd edib: “Burda da qeyd edirəm. Mən ölkəmə investisiya qoyan əcnəbi biznesmenləri yad kimi görmürəm. Siz də investisiya qoysanız məni baş naziriniz kimi görün. Mən də sizi türk biznesmen kimi görərəm. Bütün problemlərinizi mənə deyin”.
Səudiyyə Ərəbistanından olan biznesmenlər Türkiyə ilə Körfəz ölkələri arasında Azad Ticarət Zonası yaradılmasının vacibliyindən danışıblar. Balkanlar, Qaradəniz və Orta Asiyaya birlikdə açılmağı təklif edən biznesmenlər Türkiyədə xüsusilə faizsiz bankçılığı dəstəkləmək istədiklərini bildiriblər.
Şərhlər