Suriya vətəndaş müharibəsi: Ahmet Davutoğlu Türkiyəyə "70 min qaçqın" gəldiyini deyir

05.02.2016 11:43     Dünyadan reaksiya     1035

On minlərlə suriyalı qaçqın Hələb şəhəri yaxınlığındakı ağır döyüşlərdən qaçmaq üçün Türkiyə ilə sərhədə gəlir, rəsmilər və fəallar bildirir.
 
“Reaksiya” "BBC"-yə istinadən xəbər verir ki, Türkiyənin baş naziri Ahmet Davutoğlu 70 minə yaxın qaçqının sərhədə doğru gəldiyini güman etsə də, monitorinq qrupu bu rəqəmin 40 min olduğunu deyir.
 
Londonda donorlar iclasında çıxış edən cənab Davutoğlu deyib: "Hələb şəhərinə qarşı hücumlara görə hazırda 10 min qaçqın Kilisin (Türkiyənin sərhəd şəhəri) qapıları qarşısında gözləyir".
Rusiyanın intensiv hava zərbələri Suriya hökumət qoşunlarına ölkənin ən iri şəhəri yaxınlığında nailiyyətlər əldə etməyə kömək edib.
 
Bu arada, Rusiya Türkiyəni Suriyaya müdaxiləyə hazırlaşmaqda ittiham edib. Ankara açıq şəkildə iddia ilə bağlı şərh verməyib.
 
Həmçinin cümə axşamı Səudiyyə hərbiyyəsinin rəsmisi qeyd edib ki, ölkədə özünü İslam Dövləti adlandıran qruplaşma ilə mübarizə aparmaq üçün Suriyaya quru qoşunları göndərməyə hazırdır.
Cənab Davutoğlu, həmçinin Rusiyanın Suriya münaqişəsindəki iştirakını pisləyib və bəyan edib ki, həm Moskva, həm də prezident Bəşər Əsəd hərbi cinayətlərdə günahkardır.
 
Moskva və Dəməşq dəfələrlə bu cür ittihamları rədd edib.
Türkiyə birmənalı olaraq Rusiyanın öz müttəfiqi - prezident Əsədin hökumət qüvvələrinə verdiyi hərbi dəstəyin miqyasından qəzəblənib, BBC-dən Alan Johnston deyir.
Rusiya Müdafiə Nazirliyinin bildirdiyinə görə, fevralın birindən onlar "Hələb, Latakiya, Homs, Hama və Deyr əz-Zor əyalətlərində 875 terror obyektini" vurub.
 
Dəməşq bildirib ki, Nubul və Zahraa şəhərlərində üsyançıların mühasirəsi sındırılıb.
Türkiyə və Rusiya arasında gərginlik ötən ilin noyabrında Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra başlayıb.
 
Ankara Rusiya təyyarəsinin Türkiyənin hava məkanını pozduğunu desə də, Rusiya təyyarənin Suriya üzərində vurulduğunu təkid edir.
 
Suriyada vətəndaş müharibəsində bu günədək 250 min nəfərdən çox insan həyatını itirib, 11 milyon sakin isə öz evindən qaçmağa məcbur olub.

Şərhlər

Çox oxunanlar