Amerika raketləri yüksək vəzifəli Rusiya hərbçilərini hədəf alır - FOTOLAR
05.02.2016 20:55 Dünyadan reaksiya 1162
Suriyada üsyançıların Amerika istehsalı olan tank əleyhinə döyüş komplekslərindən istifadə edərək bir neçə yüksək vəzifəli Rusiya hərbçisini öldürdüklərinə dair kifayət qədər tutarlı dəlillər var.
Virtualaz.org xəbər verir ki, bu barədə ABŞ-ın “The Dail Beast” qəzeti yazır.
Nəşr bildirir ki, bu qənaət çoxsaylı kəşfiyyat məlumatlarına və Suriya müxalifətindəki mənbələrə əsaslanır. Onlar bir ağızdan deyirlər ki, Suriyada son günlər ən azı bir yüksək vəzifəli Rusiya hərbçisi öldürülüb. Amerika hakimiyyəti bu məlumatı nə təsdiq, nə təkzib edib.
Bununla belə Amerikanı dəstəklədiyi “Azad Suriya Ordusu” Suriyanın şimalında binanın damında toplaşan bir neçə naməlum uniformalı hərbçiyə ABŞ istehsalı olan TOW tank əleyhinə kompleksindən atəş açıldığını əks etdirən videokadrlar yayıb. Videoda hədəfin Rusiya hərbçiləri olduğu göstərilir. İnsident Rusiyanın Suriyadakı əməliyyat bazalarının yerləşdiyi regionda qeydə alınıb.
Bu videonun yayılmasından bir saat sonra TASS xəbər verib ki, Suriyada Əsəd ordusunda müşavir olan yüksək rütbəli Rusiya zabiti minomyot zərbəsindən həlak olub. Suriya müxalifət mənbələri isə zərbənin Latakiyadan şimalda, Cabal əl-Akrad dağında endirildiyini bildirir. İddia edilir ki, bu zaman 3-ü Rusiya olmaqla 15 hərbçi öldürülüb.
Bu videokadrlar ABŞ-ın dəstəklədiyi müxalif qrupların əlində Amerika istehsalı olan tank əleyhinə döyüş sistemlərinin olduğunu göstərir. Qəzet yazır ki, Cenevrədəki danışıqların iflasa uğramasından sonra ABŞ “Azad Suriya Ordusu”nun silahla təchizatını gücləndirəcək.
TOW sistemləri Rusiyanın Suriyaya yenicə göndərdiyi T-90 tankları üçün də “qorxulu röya” ola bilər. Ən təhlükəlisi isə Suriya müxalifətinin Rusiya təyyarələrinə qarşı Amerika istehsalı olan “Stinger” raketləri əldə etməsi olardı.
Şərhlər