ABŞ-dan Rusiyaya xəbərdarlıq: “Dərhal dayandırın!” - Rusiya hazırda özünün də BMT-də dəstəklədiyi qərarı pozur.

06.02.2016 07:54     Dünyadan reaksiya     1018

Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Con Kerri Suriyada mülki əhalini kütləvi şəkildə bombardıman edən Rusiya hərbi aviasiyasının və Əsəd rejiminin dərhal dayanmasını tələb edib. ANS PRESS-in məlumatına görə, Kerri Kolumbiyanın prezidenti Xuan Manuel Santos ilə Dövlət Departamentində keçirdiyi mətbuat konfransında Suriyada baş verən son hadisələri şərh edib. Con Kerri bildirib ki, Rusiya hazırda özünün də BMT-də dəstəklədiyi qərarı pozur. 

“Hazırda nə Rusiya, nə Əsəd, nə də Əsədə dəstək verənlər BMT Təhlükəsizlik Şurasının 2254 saylı qərarına uyğun hərəkət etmirlər. Hansı ki, qərar şurada səs verməyə çıxarılanda Rusiya da ona səs verib.” 

Con Kerri bildirib ki, həmin qərar mülki əhaliyə qarşı ağır silahlarla və bombardımançı təyyarələrlə hücumların dayandırılmasını nəzərdə tutur. 

“Bu bir həqiqətdir ki, Rusiya, mənim “kor bomba” kimi təsvir etdiyim bombalardan istifadə edir. Bu bombaların müəyyən bir hədəfi olmur və nəticədə çox sayda qadın və uşaqların olduğu mülki əhali ölür.” 

Bəzi hallarda yaralıları xilas edən həkimlərin də vurulduğunu deyən dövlət katibi bunun dayandırılmalı olduğunu vurğulayıb: “Bəzən bir yer bombardıman edildikdən sonra bu yerə xilasedicilər gedir və qırıcılar geri qayıdaraq onları da öldürür. Bu kimi hallara son verilməlidir.” 

Kerri həmçinin bildirib ki, mövzudan qaçmaq və məsələyə müdaxilə etməmək problemin həlli yolu deyildir. 

Şərhlər

Çox oxunanlar