Suriya daxilində yeni qaçqın düşərgələri yaradılır
08.02.2016 12:52 Dünyadan reaksiya 1099
Türkiyə yardım işçiləri ölkəyə daxil olmağa icazə verilməyən minlərlə suriyalı qaçqın üçün yeni çadırlar hazırlayıb və təchizat paylayıb.
“Reaksiya” "BBC"-yə istinadən xəbər verir ki, Ötən həftə Hələbdə baş vermiş ağır döyüşlərdən qaçan azı 35 min nəfər Türkiyənin Kilis sərhəd bölgəsinə daxil olmağa çalışır.
Amma Türkiyə Avropa İttifaqı (Aİ) liderləri tərəfindən qaçqınları ölkəyə buraxmaq üçün müraciətlərinə baxmayaraq, onların əksəriyyətinə sərhədi bağlayıb.
Artıq ölkədə Suriya müharibəsindən qaçan 2,5 milyondan artıq qaçqın sığınacaq tapıb.
Bir çox suriyalı Aİ ölkələrindən siyasi sığınacaq istəmək üçün Avropaya gəlib. Onların böyük əksəriyyəti Türkiyədən dəniz yolu ilə qanunsuz olaraq Aİ ərazilərinə daxil olub.
Son bir neçə gündə Rusiya hava zərbələri dəstəyi ilə Suriya hökumət qüvvələri Suriyanın ən böyük şəhəri Hələb ətrafında bir sıra uğurlar əldə edib.
Oncupinar sərhəd keçidindəki yardım rəsmiləri Reuters informasiya agentliyinə bildirib ki, onlar Suriya tərəfindəki düşərgələrə yardım cəlb etmək üçün səy göstəririlər.
Türkiyə prezidenti Recep Tayyip Erdoğan şənbə günü bildirib ki, Türkiyə suriyalı qaçqınlara "zəruri hallarda" qapıları açmağa hazırdır.
Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Federica Mogherini Türkiyənin müdafiəni təmin etmək üçün hüquqi olmasa da, mənəvi borcu olduğunu deyib.
O qeyd edib ki, Aİ Türkiyəni "sığınacaq axtaran insanlara yer vermək və onları qorumaqla bağlı vasitələr, alətlər və resursların olduğuna" əmin olmaq üçün maliyyə ilə təmin edib.
Suriyada vətəndaş müharibəsi nəticəsində təxminən 4,6 milyon insan qaçqın düşüb. Daha 13,5 milyon insanın ölkə daxilində humanitar yardıma ehtiyacı olduğu deyilir.
Cümə axşamı Londonda keçirilən donorlar iclasında ölkələr suriyalı qaçqınların acınacaqlı vəziyyətini yüngülləşdirmək üçün milyardlarla dollar vəd ediblər.
Şərhlər