Dubayda “ASAN xidmət”in təqdimatı keçirilib

09.02.2016 11:05     Dünyadan reaksiya     999

 REPORT.AZ/ Dubayda Ümumdünya İdarəetmə Zirvə Toplantısı keçirilir. Tədbirdə Azərbaycanı Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Bu barədə “Report”a Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Sayca 4-cü olan Zirvə Toplantısına dövlət və hökumət başçıları, nazirlər, beynəlxalq təşkilatların rəhbərləri, eyni zamanda biznes və elm dairələrinin mindən çox nümayəndələri qatılıb.

Tədbirin ilk günü “Davamlı inkişaf məqsədləri fəaliyyətdə” mövzusunda təşkil olunan paneldə Dövlət Agentliyinin sədri İnam Kərimov çıxış edib. Agentliyin sədri davamlı inkişaf məqsədlərinə nail olmaq üçün dövlət idarəetməsinin və onun əsas istiqamətlərindən olan dövlət xidmətlərinin göstərilməsinin vacib əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Paneldə Dünya Bankının İnkişaf məsələləri üzrə birinci vitse-prezidenti cənab Mahmud Mohyeldin, Birləşmiş Millətlər Fondunun Prezidenti xanım Kəti Kalvin, Estoniya Hökumət Aparatının məsləhətçisi xanım Eili Lepik çıxış ediblər.

Geniş müzakirələrlə və suallarla davam edən tədbirə yerli və xarici ölkə nümayəndələri, BMT və Dünya Bankının, həmçinin mülki cəmiyyət və özəl sektoru təmsil edən mütəxəssislər qatılıblar.

Eyni zamanda Azərbaycanın Dubaydakı Baş konsulu Pərviz İsmayılzadə də tədbirdə iştirak edib. Səfər çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

Zirvə görüşü növbəti gün də işini davam etdirəcək. 

Şərhlər

Çox oxunanlar