İran rəsmisi: “İnqilabın ildönümündə nümayiş etdiriləcək raket düşmənlərimizi təəccübləndirəcək”

10.02.2016 15:21     Dünyadan reaksiya     1060

Sabah İran İslam İnqilabının 37-ci ildönümü münasibətilə keçiriləcək bayram tədbirini və mitinqini işıqlandırmaq məqsədilə ölkə xaricindən 5200 jurnalist, fotoqraf və operator akkreditasiyadan keçib.

 

Bu barədə APA-ya İranın İslami Təbliğat Təşkilatının Koordinasiya Şurasının sədr müavini Əsğər Abxızır məlumat verib.

 

Ə. Abxızır bildirib ki, İslam inqilabının qələbə qazandığı gün - 22 bəhmən (11 fevral) mərasimində prezident Həsən Ruhani çıxış edəcək. O, mərasimdə xüsusi qonaq kimi ABŞ qaradərililərinin lideri Luis Farrahanın (Louis Farrakhan) da iştirak edəcəyini açıqlayıb: “Həmin gün bütün nəqliyyat vasitələrində gediş-gəliş pulsuzdur. Builki paradda “Emad” tipli raket nümayiş olunacaq və bu silah İranın düşmənlərini təəccübləndirəcək”.

 

Ə. Abxızır qeyd edib ki, Azərbaycanda və Bakı şəhərində də İran səfirliyinin təşəbbüsü ilə İslam inqilabının ildönümü münasibətilə tədbirlər keçiriləcək. 

 

Xatırladaq ki, hər il İran islam inqilabının ildönümü ilə əlaqədar olaraq bəhmən ayının 12-dən 22-dək "Fəcr ongünlüyü" bayram tədbirləri keçirilir. Bu il "Fəcr ongünlüyü" fevralın 1-dən 11-dək qeyd olunur.

Şərhlər

Çox oxunanlar