Hələb döyüşü "50 min nəfərin" köçkün düşməsinə səbəb olub
11.02.2016 12:37 Dünyadan reaksiya 1132
Suriyanın Hələb əyalətində gedən ağır döyüşlər təxminən 50 min nəfərin köçkün düşməsinə səbəb olub, Qırmızı Xaç Komitəsi (BQXK) xəbərdarlıq edib.
“Reaksiya” “BBC”-yə istinadən xəbər verir ki, BQXK humanitar vəziyyətin sürətlə pisləşdiyi, Hələb şəhərinin su təchizatının kəsildiyini bildirir.
Suriya hökuməti Rusiya hava qüvvələrinin köməyilə şəhərin üsyançılar tərəfindən nəzarət edilən hissələrini geri qaytarmağa çalışır.
Türkiyə hökumətinə Suriya ilə sərhədə toplanmış çətin vəziyyətdə olan 30 min qaçqının ölkəyə buraxılması üçün təzyiqlər edilir.
Qırmızı Xaç Komitəsinin bəyanatında bildirilir ki, yardım təchizatının marşrutları kəsilib və bu hal dinc sakinləri "çox böyük təzyiq" altında qoyub.
"Havanın temperaturu olduqca aşağıdır, kifayət qədər qida, su və sığınacaqla təmin olunmayan köçkünlər çox ağır şəraitdə sağ qalmağa çalışır", təşkilatın Suriyadakı rəhbəri Marianne Gasser deyib.
Sərhədsiz Həkimlər xəbərdarlıq edirlər ki, Türkiyə sərhədi yaxınlığında yerləşən Azazda gedən döyüşlər səhiyyə sistemini "uçuruma yaxınlaşdırır".
Sərhədsiz Həkimlərin sözçüsü Muskilda Zancada-nın sözlərinə görə, ərazidən köçkün düşmüş insanlar, xüsusən də uşaq və yaşlılar şaxtalı açıq hava şəraitində bir neçə gün yaşamağa məcbur qala bilərlər.
Türkiyə son beş il ərzində 2,5 milyondan çox suriyalı qaçqını qəbul edib. Hakimiyyət deyir ki, bunu "idarə olunan rejimdə" davam etdirəcək.
Hələbdə Suriya hökumət qüvvələri və İranın dəstəklədiyi silahlı dəstələr arasındakı mübarizə davam etsə, 300 min nəfər yardımdan məhrum ola bilər, BMT bəyan edib.
Ayın əvvəlində başlayan hücum 500-dən çox insanın, o cümlədən onlarla dinc sakinin həlak olmasına səbəb olub, İnsan Hüquqları üzrə monitorinq qrupu Suriya Rəsədxanası məlumat verir.
Rəsədxana AFP agentliyinə bildirib ki, şimali Suriyada Kürd döyüşçüləri Minniq hava bazasından digər hökumət əleyhinə olan üsyançıları qovub.
Çərşənbə günü BMT Təhlükəsizlik Şurasında dünya dövlətləri yenə də Rusiyanı müttəfiqi Suriyaya hava zərbələri ilə dəstək olmağı dayandırmağa çağırıb.
Lakin Rusiya səfiri Vitali Çurkin deyib ki, onun ölkəsi öz hərəkətləri üçün "üzrxahlıq" etmək fikrində deyil.
O, Təhlükəsizlik Şurasının digər üzvlərini öz siyasi məqsədləri üçün humanitar vəziyyətdən istifadə etməkdə ittiham edib.
Rusiya "terrorçuları" hədəflədiyini deyir, amma Qərb dövlətləri bildirir ki, Rusiya Suriya hökumətinə qarşı olan müxalifət qrupları hədəfə alıb.
Şərhlər