Norveç və NATO kiberhücumlardan qorunmaq sahəsində əməkdaşlıq edəcəklər

12.02.2016 10:00     Dünyadan reaksiya     1955

Norveç hökuməti ilə NATO nümayəndələri arasında yeni saziş imzalanıb. Bu sənədə əsasən kiberhücum təhlükələrinə qarşı mübarizə sahəsində daha sıx əməkdaşlıq etmək nəzərdə tutulur.

Bu barədə Norveç Müdafiə Nazirliyi tərəfindən yayılmış press-relizdə bildirilir ki, imzalanmış sənəd xüsusi əhəmiyyətli kompyuter sistemlərinin uzaq məsafədən hücumlardan müdafiə dərəcəsini artırmaq məqsədilə tərəflər arasında informasiya mübadiləsini xeyli asanlaşdırmalıdır.

Norveç müdafiə naziri İne Eriksen Sereyde deyib: “Şadam ki, NATO ilə belə bir mühüm sahədə saziş imzalamış ilk ölkələrdən biri Norveçdir. Rəqəmsal təhlükələr getdikcə ciddiləşir və onlara qarşı mübarizə aparmaq üçün beynəlxalq səviyyədə sıx və geniş əməkdaşlıq tələb olunur”.

Norveçdən əvvəl Çexiya və Slovakiya da Şimali Atlantika Alyansı ilə eyni məzmunda sazişlər bağlayıblar.

Xatırladaq ki, NATO yaradıldığı gündən Norveç bu təşkilatın tamhüquqlu üzvüdür.

Şərhlər

Çox oxunanlar