Diaspor təşkilatının sədri Avropa Parlamentinin deputatına Xocalı soyqırımına dair bəyanat təqdim edib

12.02.2016 13:14     Dünyadan reaksiya     1904

İsveçdə fəaliyyət göstərən Azərbaycan Naminə Cəmiyyətin sədri Nadir Hollenbrand İsveçdə yerləşən Parlament evində  Xocalı soyqırımının 24-cü ildönümü  ilə əlaqədar Avropa Parlamentinin deputatı Fredrik Federley ilə görüş keçirib.
 
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı deputata Xocalı soyqırımı haqqında ətraflı məlumat verilib, həmçinin, qətliamı pisləyən bəyanatın ingilis dilində nüsxəsi təqdim edilib.
 
Bəyanatda 1992-ci ilin 25-26 fevralında erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərinin sakinlərinə qanlı cinayət aktı həyata keçirildiyi, nəticədə bir gecədə 106 qadın, 63 uşaq, 70 yaşlı insanın və ümumilikdə 613 azərbaycanlının öldürüldüyü, 1275 nəfərin əsir götürüldüyü, 150 nəfərin taleyinin isə hələ də məlum olmadığı, 6 ailənin tamamilə məhv edildiyi, 25 körpənin hər iki valideynini itirdiyi, 56 insanın xüsusi amansızlıqla qətlə yetirildiyi qeyd edilib. Bəyanatda bildirilib ki, beynəlxalq ictimaiyyət bu acı həqiqətdən xəbərdar olmalı, insanlığa qarşı törədilən cinayətə hüquqi qiyməti verməlidir.
 
Deputat Federley qeyd edib ki,  yaxın zamanda Brüsseldə olacaq və bəyanatı Avropa Parlamentinə təqdim edəcək. Söhbət zamanı məlum olub  ki, Federley bir ay əvvəl Azərbaycanda işgüzar səfərdə olub.  Deputat  Azərbaycan və azərbaycanlılar haqqında yüksək fikirdə olduğunu bildirib və vurğulayıb ki, Azərbaycana səfəri  zamanı ölkəmizin füsunkar gözəlliyinə və xalqımızın vətənpərvərliyinə heyran qalıb. 

Şərhlər

Çox oxunanlar