Dmitri Medvedyev: "Rusiya-NATO münasibətləri “soyuq müharibə” dövründəki vəziyyətə çatıb, vahid Avropa artıq yoxdur”
13.02.2016 13:43 Dünyadan reaksiya 1555
“Dünyada vəziyyət dramatikdir. Vahid Avropa artıq yoxdur”.
APA-nın RİA "Novosti”-yə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiyanın baş naziri Dmitri Medvedyev Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.
O bildirib ki, Avropa İttifaqı ilə Rusiya arasında münasibətlər pozulub, Ukraynada vətəndaş müharibəsidir, Yaxın Şərqdəki münaqişələr isə kəskinləşib: “Bura gəlməzdən öncə mən Rusiya prezidenti Vladimir Putinlə görüşdüm. Biz onun 2007-ci ildə buradakı çıxışını xatırladıq. Putin o vaxt demişdi ki, ideoloji streotiplər, beynəlxalq münasibətlərdə ikili standartlar beynəlxalq əlaqələrdəki gərginliyi azaltmayacaq, daha da artıracaq. Təəssüflə qeyd etməliyəm ki, bugünkü görüntü daha ciddidir. Bütün iqtisadiyyatlar zəif inkişaf edir. Dünya miqrasiya böhranı ilə üz-üzədir”.
Baş nazir bildirib ki, Rusiya ilə NATO arasında münasibətlər “soyuq müharibə” dövründəki vəziyyətə çatıb. “NATO-nun Moskvaya münasibətdə siyasi xətti düşməncəsinə və qapalıdır. Demək olar ki, bizi hər gün gah NATO-ya, gah da ümumilikdə Avropa ölkələrinə, ABŞ-a və başqa ölkələrə təhdid yaratmaqda ittiham olunuruq”.
D. Medvedyev sanksiya siyasətinin də çox zərərli olduğunu qeyd edib: “Birtərəfli iqtisadi təzyiqin genişləndirilməsi, sanksiya tətbiqi təəssüf doğurur. Bunun bəziləri hətta beynəlxalq hüquqa ziddir. Biz həmişə deyirik ki, sanksiya tətbiq edilən ölkəyə deyil, ondan siyasi vasitə kimi istifadə edən ölkəyə ziyandır”.
Sosial səhifələrdə paylaş
Şərhlər