Kaladze İrana gedir

14.02.2016 17:44     Dünyadan reaksiya     1251

Bu gün Gürcüstanın baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladzenin İrana səfəri gözlənilir.

APA-nın məlumatına görə, bu barədə İranın Gürcüstandakı səfiri Abbas Talebifar bildirib. Səfirin məlumatına görə, səfər çərçivəsində bir neçə vacib məsələlər müzakirə olunacaq: "Görüşlərdə elektrik enerjisinin mübadiləsi, energetika sahəsində əməkdaşlıq, qaz məsələsi və İranın su resurslarının ixracı məsələləri müzakirə olunacaq ".

Nazir özü isə qeyd edib ki, Gürcüstanın İrandan təbii qazın alınması istisna deyil: "Əgər Tehran rəqabətə uyğun qiymət təklif edərsə, Gürcüstan İrandan qaz almağa başlamağı istisna etmir".

Gürcü ekspert Levan Kalandadze isə bu gün İrandan qaz əldə etməyin texniki cəhətdən mümkünsüz olduğunu qeyd edib: "Əgər gələcəkdə qaz boru kəmərinin texniki bərpası həyata keçirlərsə, onda Gürcüstana qaz tədarük edən ölkələrin siyahısına İran da əlavə oluna bilər".

Qeyd edək ki, bu gün Gürcüstana gün ərzində 11 mln. kubmetr qaz daxil olur. Bundan 6 mln kubmetri Azərbaycan qazı "Qazax" boru kəməri ilə, 3,2 mln "Şahdəniz-1" fazası ilə ("Cənubi Qafqaz boru kəməri"), qalanı isə Rusiyanın Ermənistana göndərdiyi qazın müqabilində tranzit haqqı üçün Gürcüstana ödədiyi 1,5-2 milyon kubmetr qazdır.

Əvvəllər İranın mediası da bu ölkənin Ermənistandan keçməklə Gürcüstana elektrik enerjisi istehsal etmək məqsədi ilə  hər gün 8-15 mln. kubmetr  təbii qaz vermək istədiyi barədə yazıb. Gürcüstan tərəfi bu barədə hələ konkret razılaşma olmadığını və qaz təchizatının başlanması məsələsinin həll edilmədiyini bildirib.

Qeyd edək ki, Gürcüstana İrandan qaz kəmərinin tikintisi ilə bağlı bir müddət əvvəl APA-ya açıqlama verən Kaxa Kaladze İrandan Gürcüstana veriləcək qazın iki marşrutla çəkilə biləcəyini qeyd edib. Nazir onu da vurğulayıb ki, qaz kəməri ya Azərbaycan, ya da Ermənistan üzərindən keçə bilər. O, hələlik bu barədə İran ilə danışıqların aparılmadığını da bildirib.

Şərhlər

Çox oxunanlar