Dünyanın bacarmadığını bu ölkə etdi

02.07.2015 16:15     Dünyadan reaksiya     1973

İİV və sifilis virusunun yayılmasının qarşısını almaq üçün xüsusi proqram hazırlanıb

Kuba mütəxəssisləri İİV-in (İnsanda immunçatışmazlığı virusu) anadan övladına keçməsinin qarşısını almağın yolunu tapıblar. ANS PRESS-in məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da əldə edilmiş nəticəni yoxlamaq üçün Panamerikan Səhiyyə Təşkilatı (PAHO) ilə birlikdə Kubaya nümayəndə heyəti göndərib və ölkənin bütün meyarlara cavab verdiyini təsdiqləyib. Təşkilat öz hesabatında Kubanın anadan övladına keçərək yoluxan İİV-in yayılmasını durduran ilk ölkə olduğunu bildirib.



Panamerikana Səhiyyə Təşkilatının direktoru Karissa Etienne bu mövzuda çıxış edib. "Kubanın əldə etdiyi nailiyyət ümumbəşəri sağlamlığın və ona nail olmağın mümkün olduğunu sübut etdi. Bu həm də İİV kimi təhlükəli viruslarla mübarizədə açar ola bilər", - deyən Etienne bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı və Panamerikana Səhiyyə Təşkilatı 2010-cu ildən bəri Cənubi Amerika ölkələrində İİV və sifilis virusunun yayılmasının qarşısını almaq üçün xüsusi proqram tətbiq edir.



Məlumat üçün bildirək ki, İİV virusu qan, orqan, toxuma köçürülməsi zamanı, steril olmayan ləvazimatlardan istifadə zamanı və cinsi yolla ötürülür. Nəticədə immun sisteminin müəyyən (CD4) hüceyrələri zədələnir. CD4 hüceyrələrinin qanda miqdarının azalması immun sisteminin zədələnmə dərəcəsi və xəstəliyin mərhələsi haqqında məlumat verir. İİV infeksiyası ləng gedən infeksiyalara aiddir. Yoluxmadan sonra ilk illər ərzində insanın immun sistemi virusa qarşı müqavimət göstərə bilir.

Lakin zaman keçdikcə virusun və orqanizmin mübarizəsi immun sistemini zəiflədir və opportunistik adlanan bir çox infeksiyalara (vərəm, pnevmosist pnevmoniya və s.) və bədxassəli şişlərə (sarkoma Kapoşi, limfomalar) qarşı insanın həssasığı artır. Xəstəliyin gedişi bir çox amillərdən: orqanizmin ümumi vəziyyatindən, müvafiq olaraq - immun sisteminin vəziyyətindən, həyat tərzindən, zərərli vərdişlərin olub-olmamasından və ümumiyyətlə insanın öz həyatına və diaqnozuna münasibətindən asılıdır.

QİÇS isə İİV infesksiyasının son mərhələsidir. Bu virusa yoluxmuş insanların immun-müdafiə sistemi kəskin zəifləyir və onlar bir çox xəstəliklərə asanlıqla tutulurlar. Bu xəstəliklər isə bəzən ölümlə nəticələnir. İnsanların bu problemlərə diqqətini çəkmək üçün hər il dekabrın 1-i Ümumdünya QİÇS-lə mübarizə günüdür.

Şərhlər

Çox oxunanlar