Ruslar, ermənilər və gürcülərin şok planı: - Qafqazda sərhədlər dəyişir?
20.02.2016 17:46 Dünyadan reaksiya 1285
“Qafqazda, Qara dəniz və Xəzər dənizində Rusiyanın 8 min 500 əsgər, 200 qırıcı, 50 döyüş gəmisi və minə yaxın müxtəlif texnika ilə başlatdığı hərbi təlim Suriya məsələsi başda olmaqla müxtəlif regional proseslərlə bağlı açıq mesajdır”.
Publika.az xəbər verir ki, bu barədə “Strategic Outlook” analitik mərkəzi yazıb.
Mərkəz qeyd edir ki, bu yaxınlarda Abxaziyada hərbi təlim keçirən Rusiyanın Krımda da güclü silahlanmaya getməsi narahatlıq doğurur: “Rusiya həm təbliğat, həm də “güc nümayişi” ilə bölgədəki nüfuzunu artırmaq və qorxu yaratmaq niyyətindədir. Hətta bu təbliğata Rusiyadakı kommunistlər, liberal və millətçi qruplar da vahid şəkildə daxil olublar. Misal üçün, Qars və Moskva müqavilələrinin ləğvi ilə bağlı məsələ buna nümunə ola bilər”.
Məqalədə bildirilir ki, Türkiyənin Şərq sərhədlərini dəyişdirilməsi üçün bu müqavilələrin ləğvini ortaya atan rusiyalı siyasətçilər Qafqazda Gürcüstan və Ermənistanın da ağlını qarışdırır.
“Bu müqavilələrin real siyasətə qarşı olduğunu deyənlərlə yanaşı, Türkiyənin şərq sərhədlərinin Gürcüstan və Ermənistan lehinə dəyişməsinin vacibliyini söyləyənlər də səhnəyə çıxıb. Buradakı məqsəd indiyə qədər müzakirə edilmiş məsələləri yavaş-yavaş gündəmə gətirmək və gündəmə salmaqdır. “Niyə də olmasın?” fikrini ortaya atan Rusiya Qafqazdakı millətçi və digər qrupları Türkiyə, eləcə də Qərb əleyhinə qaldıraraq, bundan uzaq perspektivdə də yararlanmaq istəyir. Qərbdəki erməni diasporunun da Rusiyanın bu həmlələrinə dəstək verdiyi müşahidə olunmaqdadır. Misal üçün, “Horizon Weekly” və “Asbarez” kimi erməni diasporunun nəşrləri diqqətçəkən məqalələr yayımladı. “Horizon Weekly”də Vayne Madsen imzalı müəllif Türkiyənin Naxçıvan və Gürcüstanda hərbi baza quracağını, Ankaranın Ermənistanı küncə sıxışdırdığını və Rusiyanın bölgədəki maraqlarını hədəfə aldığını yazıb. Həmin məqalədə Türkiyənin Afrikada və Ərəb ölkələrində də buna bənzər addımlar atdığını yazan müəllif iddia edir ki, Ankara xristianlığa qarşı İslamı təbliğ edir. Əslində bu tip xəbərlər Qafqazda dini müharibənin başlaması haqda qorxu yaratmağa hesablanıb. Erməni diasporuna aid nəşrlərdə yayımlanan digər xəbərdə isə Rusiyadakı Cavaxetiya erməni diasporunun Türkiyəyə qarşı təcili tədbirlərin görülməsi haqda çağırışları qeyd olunur. Bu cür nəşrlərin xəbərləri heç nəyə nail olmasa belə, müxtəlif ölkələrdə qorxu və narahatlıq yaradır. Həmçinin, belə xəbərlər ümumi siyasi gedişlərə az da olsa təsir edə bilər. Bu baxımdan, yaxın dövrdə Qafqazda Rusiyanı dəstəkləyən mesajlar artacaq”, - deyə mərkəz vurğulayır.
“Strategic Outlook” Türkiyə və Azərbaycanın bölgədə baş verənlərlə bağlı diqqətli olmasının vacibliyini diqqətə çatdırır.
Şərhlər