Putinin Şoyqu ilə İrana göndərdiyi Azərbaycan mesajı

22.02.2016 15:22     Dünyadan reaksiya     1549

Müdafiə nazirinin səfərinin gizli məqamları ortaya çıxıb.

Rusiyanın müdafiə naziri Serqey Şoyqu İran prezidenti  Həsən Ruhaniyə Vladimir Putinin xüsusi mesajını çatdırıb. ANS PRESS-in məlumatına görə, nə İran, nə də Rusiya mətbuatına bu xüsusi mesajın nə ilə  bağlı olduğu açıqlanmır.

S. Şoyqu səfər çərçivəsində İran prezidenti Həsən Ruhani və müdafiə naziri Hoseyn Dehqan ilə görüşüb.  Açıqlanan məlumatlarda əsas müzakirə mövzusunun  Suriya münaqişəsi, silah satışı ilə bağlı məsələlər olduğu deyilir.  

İran üzərindən sanksiyalar götürüldükdən sonra qonşu ölkəyə xarici ölkələrin dövlət və hökumət başçılarının  səfəri intensivləşib. Rusiya müdafiə naziri  Şoyqunun səfərindən əvvəl prezident İlham Əliyevin İrana gedəcəyi  barədə xəbərlər yayıldı. Amma Şoyqu prezident İlham Əliyevin səfərinə bir neçə gün qalmış  təcili formada İrana getdi.  

Rusiyanın müdafiə naziri Serqey Şoyqu və İran prezidenti  Həsən Ruhani arasında görüş
Rusiyanın müdafiə naziri Serqey Şoyqu və İran prezidenti Həsən Ruhani arasında görüş

"Yəqin ki, Şoyqu qaz məsələsi ilə bağlı İran prezidentinə Vladimir Putinin mesajını çatdırıb”.

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynlinin sözlərinə görə, çox ehtimal ki, Şoyqunun İran səfərində Suriya məsələsi ilə bərabər İranın qaz məsələsi də müzakirə olunub: “Adətən Sergey Şoyqu Rusiyanın hərbi məsələlərini müzakirə edir. Amma ola bilsin ki, Putinin tapşırığı ilə qaz kəmərinin Ermənistan ərazisindən keçməsini İran rəhbərliyinə təklif edib.  Çünki İranın  məqsədlərindən biri də Gürcüstana qaz ixracının Azərbaycan ərazisindən həyata keçirilməsidir. Yəqin ki, Şoyqu bu məsələ ilə bağlı İran prezidentinə Vladimir Putinin mesajını çatdırıb”, - deyə Qabil Hüseynli bildirdi. 

Politoloqun sözlərinə görə,  prezident İlham Əliyevin də İran səfəri zamanı əsas müzakirə mövzularından biri qaz məsələsi  ola bilər: “İranla Azərbaycan arasında qaz kəməri mövcuddur. Həmin kəmərlə TANAP qaz boru xəttinə qoşulmaq mümkündür. Buna Avropa da razılıq verir. Əgər İranın burada kommersiya maraqları varsa, o zaman kəmərin Azərbaycan ərazisindən keçməsinə razılıq verəcək. Əksinə olsa,  burada İranın  Ermənistanüzərindəki siyasi maraqları və Rusiyanın  rəsmi Tehrana təzyiqi ortaya çıxar”, - deyə politoloq qeyd etdi. 

İranın TANAP-a qoşulması üçün marşrut (qırmızı xətlə işarələnib)
İranın TANAP-a qoşulması üçün marşrut (qırmızı xətlə işarələnib)

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, millət vəkili Rasim Musabəyov isə bildirdi ki,  prezidentlər Suriya münaqişəsini də müzakirə edə bilər: “Məlum məsələdir ki, Suriya münaqişəsi ilə bağlı Türkiyənin Rusiya və dolayısı ilə İranla arasında olan gərginlik artıb. Bu gərginliyin bizim bölgəyə də təsiri ola bilər. İran rəhbərliyi ilə bu məsələləri müzakirə etmək və mövqeləri dəqiqləşdirmək Azərbaycan üçün vacibdir", - deyə millət vəkili qeyd etdi. 

Rasim Musabəyev bildirdi ki, sanksiyaların qüvvədə olduğu vaxtlarda İranın neft və qaz sənayesində xeyli geriləmələr baş vermişdi: “Amma hazırda Azərbaycan neftçilərinin çox yüksək təcrübəsi var. Ona görə də Azərbaycan şirkətlərinin İranda fəaliyyət göstərməsi prezidentlərin görüşündə nəzərdən keçirilə bilər”, - deyə millət vəkili bildirdi. 

Rasim Musabəyov - millət vəkili
Rasim Musabəyov - millət vəkili

Prezident İlham Əliyev rəsmi səfəri ərəfəsində İranın  İRİB televiziyasına  müsahibəsində deyib ki, səfər prezident Həsən Ruhaninin dəvəti əsasında baş tutacaq: “İndiki səfər çərçivəsində də regionda və dünyada baş verən hadisələr, cərəyan edən proseslər, ikitərəfli siyasi, iqtisadi, sosial, mədəni əlaqələrin geniş spektri üzrə müzakirələr aparılacaq və bir sıra sənədlər imzalanacaq. Əminəm ki, bu səfər dost və qonşu İran dövləti ilə Azərbaycan arasındakı mövcud əlaqələrin inkişafı və yeni keyfiyyət pilləsinə yüksəlməsi üçün etibarlı zəmin yaradacaq”, - deyə prezident bildirib.

İlham Əliyev sonuncu dəfə 2014-cü ilin aprelində İranda rəsmi səfərdə olub. Görüşdən sonra hər iki ölkə arasında əməkdaşlıq haqqında bir neçə sənəd imzalanıb. İlham Əliyev 2014- cü il aprelin 9-da Tehranda bu ölkənin ali dini lideri Ayətullah Seyid Əli Xamneyi ilə də görüşüb. Həmin ilin noyabrında isə İran prezidenti Həsən Ruhani Azərbaycana rəsmi səfərə gəlib. 

Amma 2014-cü illə müqayisədə hazırda regionda siyasi və iqtisadi mövqelər dəyişib. Həmin vaxt İran üzərində beynəlxalq sanksiyalar qüvvədə idi. İndi isə tam əksinə, sanksiyalar götürülüb və İran yeni iqtisadi əlaqələrə can atır. Bu isə Azərbaycan üçün də yeni iqtisadi imkanlar yaradır. Həm Şimal-Cənub nəqliyyat dəhlizi, həm də Gürcüstana qaz ixracı Azərbaycana əlavə gəlirlər gətirə bilər. Əsas məsələ  nəqliyyat dəhlizi və qaz ixracı ilə bərabər digər sahələrdə də Azərbaycanın maraqlarına uyğun müqavilələr imzalamaqdır.

 

Şərhlər

Çox oxunanlar