Moskva İrəvana milyardlıq silah verir – Səbəb
24.02.2016 11:54 Dünyadan reaksiya 1218
Bu, çox təhlükəli bir gediş, eyni zamanda, Dağlıq Qarabağ problemi və Ermənistan-Azərbaycan münaqişəsinin həllində ciddi əngəl deməkdir.
Bu barədə Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Sabiq dövlət müşavirinin sözlərinə görə, Rusiyanın Ermənistana göndərdiyi silahların növünə və sayına diqqət yetirdikdə Moskvanın İrəvana 200 milyon deyil, əslində, 1 milyard dollar dəyərində silah verdiyi bəlli olur:
“Göndərilən silahların Rusiya ordusunda tətbiq edilən ən son modeldə olması diqqət çəkir. İrəvan artıq neçənci dəfədir ki, Rusiyadan kredit adı altında çoxlu silahlar alır. Yeltsinin dövründə 1 milyard dollar həcmində silah Ermənistana bağışlanmışdı. Hətta Rusiya qoşunları Gürcüstandan çıxarılanda da buradakı silahların çoxu - təxminən 800 milyon dəyərində - Ermənistana göndərildi. Hazırkı isə üçüncü belə güclü silahlandırmadır. Bununla yanaşı, Ermənistandakı rus bazalarına göndərilən silahların çoxu erməni silahlı qüvvələrinə çatır. Bu gün Ermənistan regionun ən çox hərbiləşdirilmiş bölgəsidir. İrəvan qoşunların saxlanılmasına dair Avropada qəbul olunan kvotanı pozur. Paralel olaraq isə KTMT-nin hava hücumundan müdafiə sistemlərinin yaradılması isə çox təhlükəli tendensiyadır”.
Q.Hüseynli hesab edir ki, Rusiya Cənubi Qafqazda möhkəmlənmək üçün hazırda erməni faktorundan geniş istifadə edir:
“Moskva Ermənistanı silahlandırmasını Türkiyə, NATO və Yaxın Şərqdəki münaqişə ilə əlaqəndirsə də, bu, bölgədə qüvvələr nisbətini dəyişməyə yönəlmiş siyasətdir. Bu, çox təhlükəli bir gediş, eyni zamanda, Dağlıq Qarabağ problemi və Ermənistan-Azərbaycan münaqişəsinin həllində ciddi əngəllər deməkdir. Görünür, Rusiya münaqişənin dondurulmuş vəziyyətdə saxlanılmasında maraqlıdır”.
Qeyd edək ki, Moskva ilə İrəvan arasında ikinciyə 200 milyon dollarlıq kredit ayrılmasına dair saziş imzalanmışdı. Rusiyanın ağır maliyyə durumu səbəbindən bu krediti ayırmaq imkanında olmadığı bildirilirdi. Ancaq bir müddət öncə ilk ödənişin 2018-ci ilin əvvəlinə qədər ödənilməklə 10 il müddətinə verildiyi açıqlandı.
Sənədə edilmiş əlavəyə görə, Ermənistan Rusiyadan “Smerç” reaktiv yaylım atəşi sistemləri və onun sursatlarını, “İqla-S” zenit-raket sistemləri, yerüstü radiotexniki kəşfiyyat kompleksi “Avtobaza-M”, TOS-1A ağır odatanları, 9M113M idarəolunan raketləri, RPG-26 qumbaraatanları, Draqunov snayper tüfəngləri, “Tiqr” zirehli avtomobilləri, mühəndis və rabitə vasitələri alacaq.
Eyni zamanda, Rusiya Ermənistandakı aviabazasına dördüncü nəsil MiQ-29, modernləşdirilmiş MiQ-29S və modernləşdirilmiş Mi-8MT nəqliyyat helikopterləri göndərib.
Şərhlər