Misirdə Xocalı qurbanları anılıb - FOTOLAR

25.02.2016 13:12     Dünyadan reaksiya     1224

Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Azərbaycanın Misirdəki səfirliyində anım mərasimi keçirilib.

Gün.Az-a səfirlikdən verilən məlumata görə, tədbirdə Misirdə yaşayan Azərbaycan diasporu və təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Misirdəki Azərbaycan səfirliyinin müşaviri Rafael Bağırov Xocalı qətliamı zamanı erməni silahlı qüvvələri tərəfindən törədilmiş vəhşiliklər, günahsız insanların amansızcasına qətlə yetirilməsindən danışıb.

Daha sonra çıxış edən səfir Tural Rzayev Xocalıda dinc insanlara qarşı törədilmiş qətliamla bağlı ciddi ölçülərin götürülməməsindən təəssüfləndiyini bildirib, bir milyondan çox azərbaycanlının öz tarixi torpaqlarından çıxarılaraq, qaçqın və köçkün vəziyyətdə yaşadıqlarını vurğulayıb.

Səfir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən sülh danışıqlarının da indiyədək heç bir müsbət nəticə verməməsini Ermənistan tərəfinin tutduğu qeyri-konstruktiv mövqeyi ilə əlaqələndirib.

T.Rzayev cari ilin 27 yanvar tarixində Prezident İlham Əliyevin sərəncamı ilə  Azərbaycanın Misirdəki fövqəladə və səlahiyyətli səfiri təyin olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Diplomat, iki ölkənin əlaqələrinin inkişafında Azərbaycan diasporunun xüsusi rol oynadığını bildirib, diasporun təşəbbüslərinə açıq olduğunu deyib.

Sonra tədbir iştirakçıları üçün Xocalı soyqımını əks etdirən film nümayiş etdirilib. Filmdə Xocalı soyqırımının 26 fevral 1992-ci il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədildiyi, 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla 613 dinc sakinin amansızcasına qətlə yetirildiyi, 8 ailənin tamamilə məhv olduğu, 1000 nəfərin yaralandığı, 1275 sakinin əsir və 150 nəfərin itkin düşdüyü iştirakçıların diqqətinə çatdırılıb, soyqırım zamanı törədilmiş vəhşiliklər barədə geniş məlumat verilib.

Həmçinin, anım mərasimində Xocalı soyqırımını əks etdirən foto sərgi təşkil olunub, fotoslayd nümayiş etdirilib.

Qeyd edək ki, Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar səfirliyinin bəyanatı Misirin bir sıra nüfuzlu qəzet və internet səhifələrində geniş şəkildə işıqlandırılıb.

Bəyanatda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilərkən münaqişə ilə bağlı BMT TŞ tərəfindən məlum 4 qətnamənin və digər beynəlxalq təşkilatlar tərəfindən çoxsaylı qərarların qəbul edildiyi və Ermənistan tərəfindən icra edilmədiyi oxucuların diqqətinə çatdırılıb.

Ermənistanın təkziblərinə baxmayaraq, Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaya yayıldığı və bir sıra ölkələrin qanunverici orqanları tərəfindən bu soyqırıma hüquqi və siyasi qiymətin verildiyi, Xocalı soyqırımının insanlıq əleyhinə cinayət adlandırıldığı bildirilib, milli və beynəlxalq səviyyədə onun soyqırım kimi tanınması üçün israrlı çağırış etdikləri vurğulanıb.

Şərhlər

Çox oxunanlar