Berlində Xocalı soyqırımı ilə bağlı anım gecəsi keçirildi
25.02.2016 16:59 Dünyadan reaksiya 930
Berlinin "Şehitlik Camisi" məscidinin nəzdindəki mədəniyyət mərkəzində “Azərbaycan Evi”, Azərbaycan Tələbə Şəbəkəsi və Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının ildönümünə həsr olunan anım gecəsi keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Azərbaycan Milli Məclisinin deputatı Fuad Muradov Xocalı qətliamından söz açıb, erməni işğalının tarixindən, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılması istiqamətində görülən işlərdən bəhs edib.
Azərbaycanın Almaniyadakı səfirliyinin müşaviri Rizvan Nəbiyev isə Xocalı soyqırımı mövzusunda keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb. Məscidin nəzdindəki mədəniyyət mərkəzinin rəhbəri Ender Çetin, iş adamı Hasan Babura ermənilərin azərbaycanlılara və türklərə qarşı həyata keçirdiyi soyqırımlar barədə öz fikirlərini bölüşüblər.
Tədbirdə azərbaycanlı alim Rüfət Səttarovun "Xocalının timsalında postsovet Azərbaycanında dini simvolizm" mövzusunda keçirdiyi təqdimat ətrafında geniş və maraqlı müzakirələr aparılıb.
Anım gecəsində soyqırımla bağlı fotolardan ibarət sərginin də açılışı olub. Qeyd edək ki, fotosərgi iki həftə davam edəcək.
Şərhlər