Ruslar Qarabağa “İskander" raketləri yerləşdirir
03.07.2015 16:10 Dünyadan reaksiya 2149
Rəsmi Bakı Xarici İşlər Nazirliyi (XİN) səviyyəsində Ermənistanla Rusiya arasında silah ixracı sazişinə kəskin etiraz bildirməlidir.
ANS PRESS-in məlumatına görə, bu barədə hərbi ekspert Üzeyir Cəfərov Rusiyanın daxili bazar qiymətləri ilə Ermənistana 200 milyon dollarlıq silah və hərbi texnika satmaq üçün bağladığı müqaviləyə rəy bildirirkən söyləyib.
Ermənistan müdafiə nazirinin müavini Ara Nazaryan parlamentdə çıxış edərkən vurğulayıb ki, 13 il müddətinə illik 3 faizlə kreditə götürülən hərbi texnika Ermənistan - Azərbaycan qoşunlarının təmas xəttinə yerləşdiriləcək və Ermənistan ordusunun müdafiə gücünü artıracaq. Erməni hərbçi deyib ki, bu hərbi texnikanın olması məsələnin kompleks həllidə Ermənistan ordusunun xeyrinə həll edilməsinə imkan verəcək.
“ATƏT-in Minsk qrupunun həmsədri olan bir ölkə belə bir addım ata bilməz və münaqişə tərəflərindən birini birtərəfli qaydada silahlandıra bilməz. Özü də Rusiya silahları Ermənistana daxili bazar qiymətləri ilə satacaq. Bu, zavod qiymətindən də aşağıdır. Təsəvüür edin, istəsələr, 100 milyon dollarlıq hərbi texnikanı 10 milyon dollardan da aşağı qiymətə sata bilərlər. Bu, münaqişə tərəflərindən birinin açıq-aydın silahlandırılmasıdır”, - deyə Üzeyir Cəfərov vurğulayıb.
Hərbi ekspert Üzeyir Cəfərov
Hərbi ekspertin bildirdiyinə görə, bu texnika ilə yanaşı Moskva Ermənistan ordusuna “İsgəndər” raketləri də vermək niyyətindədir. “Əvvəllər Qarabağda yalnız “İsgəndər” raketlərinin maketləri vardı. Ermənilər qarşı tərəfə hərbə-zorba gəlmək üçün tez-tez həmin raketləri nümayiş etdirirlər. İndi isə raketlərin özlərini Qarabağa yerləşdirmək istəyirlər”,- deyə Cəfərov bildirib.
“İsgəndər” raketləri
“İsgəndər” raketləri 2000-ci illərdən Rusiya ordusunda silahlanmaya qəbul olunub. Bu raketlər 300-500 kilometr məsafədə yerləşən hədəfi vurmağa qadirdir. 2008-ci ildə baş vermiş Rusiya - Gürcüstan müharibəsi zamanı Rusiyanın Poti və Qori şəhərlərində yerləşən obyektlərə, Bakı-Supsa boru kəmərinə qarşı “İsgəndər” raketlərindən istifadə etdiyi ehtimal edilir.
Üzeyir Cəfərov da diqqəti bu məsələyə yönəldir: “Azərbaycanın xarici işlər naziri dərhal reaksiya verməli, Moskva ilə İrəvan arasnıda bu təhlükəli sazişin gerçəkləndirilməsinə mane olmalıdır”.
Şərhlər