Amerikalı həmsədrdən erməniləri məyus edən - Qarabağ açıqlaması
04.03.2016 21:28 Dünyadan reaksiya 1183
Ştat qanunvericilərinin qərarları ABŞ-ın xarici siyasətini əks etdirmir.
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik növbəti dəfəDağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlama verib.
ANS PRESS-in məlumatına görə, həmsədr “Twitter” səhifəsində bildirib ki, ştat qanunvericilərinin qərarları ABŞ-ın xarici siyasətini əks etdirmir.
“Ştat qanunvericilərinin Dağlıq Qarabağla bağlı qəbul etdiyi qərarlar məcburedici qüvvəyə malik deyil və ABŞ-ın xarici siyasətini əks etdirmir”, - Uorlik bildirib.
ABŞ-ın Corciya ştatının Nümayəndələr Palatası qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması ilə bağlı qətnamə qəbul edib. Azərbaycan Xarici İşlər Nazirliyi dərhal qətnaməyə reaksiya verib.
XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, ABŞ-ın qanunlarına əsasən xarici siyasət məsələləri və hər hansı qurumu tanımaq federal hökumətin səlahiyyətlərinə daxildir.
H. Hacıyev bildirib ki, 15 dəqiqəlik müzakirə nəticəsində ABŞ-ın Corciya ştatının Nümayəndələr Palatasında Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin guya tanınması barədə hansısa qətnamə qəbul edilib:
“ABŞ tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi tanınır və dəstəklənir. Ermənistan bu kimi cılız və təxribatçı əməllərlə Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri və BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələri əsasında danışıqlar yolu ilə həllinə, regionda davamlı sülh və təhlükəsizliyin təmin olunmasına yönəlmiş səylərə xələl gətirməyə, Azərbaycan ərazilərinin işğalını davam etdirməyə və mövcud status kvonu saxlamağa çalışır"
Şərhlər