Müharibə üçün məşq - Ərəb silahı və türk əsgəri Rusiyaya qarşı birləşir

06.03.2016 15:52     Dünyadan reaksiya     1038

Rusiya və Səudiyyə Ərəbistanı Suriya böhranına cəlb olunub. Rusiya Suriya prezidenti Bəşər Əsədi dəstəkləyir və beş illik Suriya müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasında Dəməşqə qarşı olan qətnamələrə veton qoyub. Səudiyyə isə Suriya müxalifətini maliyyə və silahla təmin edir.

 

 Reaksiya.info Publika.az-a istinadən xəbər verir ki, ABŞ-ın “Shargh” nəşri Suriya atəşkəs rejiminin davam etməsinə baxmayaraq, atəşkəs rejimi olduqca zərif göründüyünü bildirib.

 

“Atəşkəsin əldə olunmasına az qalmış Səudiyyə Ərəbistanının rəsmi nümayəndələri bildirdilər ki, Suriyaya quru qoşunları göndərə bilərlər. Bundan başqa, təsdiq olunmamasına baxmayaraq, bəzi məlumatlara görə, krallığının silahlı qüvvələrinin bir hissəsi Türkiyəyə eyni hədəf üçün gəlib. Səudiyyə Ərəbistanı və Rusiyanın həyata keçirdiyi hərbi təlimlər də vəziyyətin gərginləşə biləcəyini göstərir”, - Amerika nəşri yazıb.

 

Bu günlərdə 20-dən çox dövlətin silahlı qüvvələri Səudiyyə Ərəbistanının şimal-şərqində hərbi manevrlərdə iştirak edib. Krallığın rəsmi informasiya agentliyinin xəbərinə görə, təlimlər dünya tarixində keçirilən ən böyük təlimlərdən biri kimi yadda qaldı. Digər tərəfdən, martın 1-də Rusiya Müdafiə Nazirliyi 50-dən çox hərbi gəminin iştirakı ilə Xəzər dənizində böyük hərbi təlimlərin keçiriləcəyini açıqladı. Bəyanatda bildirilirdi ki, təlimlərə bütün hazırlıqlar başa çatıb və Xəzər dənizinin akvatoriyasında yerləşdirilən hərbi gəmilər onların qarşısında qoyulan döyüş tapşırıqlarının icrasına hazırlaşırlar.

 

Nazirlikdəki mənbə qeyd edib ki, genişmiqyaslı təlimlərin gedişatında qurudakı mövqeləri vuran raketlərin işə salınması yerinə yetiriləcək. Təlimlər ən yaxın iki ay ərzində keçirilməlidir. Rusiya Xəzər dənizində hər il hərbi təlimlər keçirir. Ancaq Suriyadakı vəziyyətin fonunda keçirilən təlimlər xüsusi əhəmiyyət daşıyır. 2015-ci il oktyabrın 7-də Rusiya ilk dəfə Xəzər dənizindəki dörd hərbi gəmidən Suriyaya 26 qanadlı raket buraxıb.

 

Səudiyyə Ərəbistanı və Rusiyanın hərbi təlimləri Suriya ərazisində bu ölkələrin toqquşması haqqında qorxuları gücləndirir. Bundan başqa, belə bir təəssürat yaranır ki, Ər-Riyad və Moskva qəsdən mümkün toqquşmaya gedir. Səudiyyədə keçirilən hərbi təlimlərdə 20 ölkədən 150 min hərbi qulluqçu iştirak edirdi. Səudiyyə kütləvi informasiya vasitələrlərinin xəbərlərinə görə, təlimlərə həmçinin 2540 təyyarə və 460 vertolyot cəlb edilib. Əgər bu məlumatlar həqiqətən doğrudursa, o halda təlimlər Küveytin azad olunması dövründən sonra Yaxın Şərq regionundakı ən böyük hərbi aktivlik hesab etmək olar.

 

Krallığın rəsmi nümayəndələri iddia edirlər ki, təlimlərin əsas məqsədi terror qruplaşmalarından gözlənilən təhdidlərinin qarşısının alınması üçün döyüş hazırlığının gücləndirilməsidir. Ancaq ekspertlərin çoxu hesab edirlər ki, bu təlimlər əslində Bəşər Əsəd və onun regional müttəfiqləri – İran, “Hizbullah” və Rusiyanın qorxudulması üçün keçirilir. Bəzi müşahidəçilər öz fərziyyələrində daha uzağa gedirlər və bildirirlər ki, hərbi təlimlər İraq və ya İordaniya ərazisindən Suriyaya müdaxilə üçün hesablanıb.

 

Analitiklərin digər hissəsi hesab edir ki, Səudiyyə Ərəbistanı Yaxın Şərqdə İranın qüdrətinin artmasından son dərəcə narahatdır. “Shargh” nəşri hesab edir ki, Səudiyyə hakimiyyəti öz silahlı qüvvələrinin müasirləşdirilməsinə böyük vəsaitləri xərcləsə də ordunun döyüş qabiliyyəti kifayət qədər deyil. Amma nəşr qeyd edir ki, krallığ müasir silahları ilə Türkiyə ordusunun döyüş qabiliyyətini birləşdirə bilər.

 

“Səudiyyə Ərəbistanı 1991-ci ildə “Səhrada tufan” əməliyyatında iştirak etdi, amma həmin vaxt döyüş məsələlərinin əsas hissəsi Amerika ordusu tərəfindən yerinə yetirilirdi. Çoxillik fasilədən sonra Səudiyyə Ərəbistanı Yəməndə şiə husilərə qarşı hərbi əməliyyatlara başlayıb və artıq bir ildən çoxdur ki, müharibə aparmasına baxmayaraq, hədəfinə nail olmayıb. Türkiyə Yaxın Şərqdəki ümumi vəziyyətdən, Suriyada kürdlərin statusundan və Bəşər Əsəd rejimindən narazıdır. Türkiyə hazırda Səudiyyə Ərəbistanı ilə eyni mövqedədir. Bu ölkənin sərəncamında güclü ordu var. Bu səbəbdən də Səudiyyə Ərəbistanı öz hərbi texnikası və Türkiyə ordusunun şəxsi heyətindən istifadə edərək Suriyaya müdaxiləni təşkil etməyə çalışa bilər”.

Şərhlər