“Xilafətin paytaxtı”nda üsyan...
07.03.2016 21:38 Dünyadan reaksiya 1083
Rakkada üsyan baş verib... Martın 6-sı gün boyu Runeti və Suriya müharibəsinə həsr olunan forumları zəbt etmiş bu xəbər əvvəl güclü skepsis doğurdu. Zənn etmək olardı ki, söhbət dezinformasiyadan və psixoloji müharibənin yeni epizodundan gedir. Necə inanasan ki, “xilafət”in paytaxtında neçə illik vəhşət, itaət kultu və manevr imkanlarının tam tükəndirildiyi bir şəraitdə adi vətəndaşlar dünyanı qəddarlığı ilə lərzəyə salan apokaliptik kulta - “İŞİD”ə qarşı çıxa bilərmiş?
Ancaq xəbərlər səngimədi, sonrakı gün də davam etdi, təfərrüatlar peyda oldu, bilgilər nüfuzlu mətbuat orqanları tərəfindən də tirajlandı. Mənbə rolunda yalnız Rusiya və İran mətbuatı yox, Livan və kürd resursları da çıxış etməyə başladı. Onda bəlli oldu ki, “Bağdadda heç də sakitlik deyil”. Və Rakkadakı üsyan nə qədər ağlasığmaz görünsə belə, həqiqətən baş verib. Qərb mətbuatının bu barədə susqunluğunu davam etdirməsi isə ya diskursun məntiqinə uyğundur, ya da çaşqınlığın nəticəsidir.
Beləliklə, nə baş verir? 3 ildir “İŞİD”in itaətində olan, müqavimətin rüşeymdə boğulduğu, totalitar sektanın həyatın bütün sahələrini nəzarətə götürdüyü Rakka şəhərində dinc nümayiş baş verir. Təbii ki, nümayişçilər gülləbaran edilir. Və onlar silaha sarılırlar. Əslində, burada silah çatışmazlığı yoxdur, hər kəsin silahı var. Silahlı müqavimətin gözlənilməzliyi öz effektini verir. Hətta 200 islamçı da etirazçıların tərəfinə keçir. Martın 6-sı axşama olan məlumatlara görə, xeyli sayda islamçını məhv edən üsyançılar “xilfətin paytaxtı”nın 5 məhəlləsini ələ keçirib, binaların üzərindən isə Suriya dövlətinin bayraqlarını asıblar. Üstəlik, onların Əsəd ordusunun komandirləri ilə əlaqə yaradaraq yardım istədikləri söylənilir. Bir sözlə, “İŞİD”ə qarşı dirəniş ən gözlənilməyən yerdə baş verir.
Əlbəttə, şok effekti yaradan bu hadisənin təfərrüatları hələ sonralar bəlli olacaq, isti-isti isə həqiqətləri miflər, mötədilliyi emosional furor və şişirtmələr ört-basdır edəcək. Ancaq 2 gündür davam edən infomasiya axını baş verənlərin reallığını şübhə altına alanların sayının kəskin azalması ilə müşayiət olunmaqdadır.
“Ərəb baharı”nın əvvəlində Rakkanın “İŞİD”in “paytaxt”ına çevriləcəyi ehtimalını oradakı əhali də, Suriya hökuməti də ən qorxulu yuxularında belə təsəvvür etməzdilər. 2 min illik yaşı olan, sonralar Harun ər-Rəşidin iqamətgahına çevrilən, ardınca yüz illər boyu tənəzzül edən və yeni həyatı bir də 20-ci əsrdə gurlaşan Rakkada “Ərəb baharı” hiss olunmurdu. 300 min nəfər əhalisi olan şəhər Əsədə loyallığı ilə seçilirdi. 2002-ci ildə Qurban bayramı zamanı Bəşər Əsəd şəhərə gəlmiş, yerli məscidə baş çəkmiş, arxayınlıqla da şəhəri tərk etmişdi. Hafiz Əsədin qızıl suyuna çəkilmiş nəhəng heykəli də şəhər meydanında bir loyallıq simvolu kimi dayanırdı. Bir sözlə, uzun müddət Rakkada sakitlikdi. Üstəlik, Deyr-əz-Zor, Hələb və İdlibdən gələn yarım milyon qaçqına da yer verən şəhər Əsəd üsul-idarəsinin bastionlarından biri sayılırdı.
2013-cü ilin martında şəhər “Azad Suriya Ordusu” və “Nüsrə Cəbhəsi”nin hücumuna məruz qalır. Sirli hadisələr də elə o vaxt başlayır - şəhər cəmisi bir neçə saata təslim olur. Yerli qarnizon Rakkanı müqavimətsiz, tələm-tələsik tərk edir, “müxalifət” isə hərbçiləri heç təqib də etmir. Sonralar məlum olacaqdı: məğlubiyyətdə əsas səbəbkarlar şəhər meri və BƏƏS-in yerli partiya şöbəsinin sədri idi. Beləliklə, şəhər “müxalifət”in əlinə keçir.
Hətta o vaxt da burada “İŞİD” gözə dəymirdi. Dəfələrlə baş verən ssenari burada da təkrarlanır: başqaları ərazini tutur, sonra “İŞİD” onları oradan qovur. Rakkada da 2014-cü ilin yayında “İŞİD”in gizli hücrələri fəaliyyətə keçərək “müxalifət”dən şəhəri alır. O vaxtdan Rakka “İslam Dövləti”nin “paytaxt”ı elan olunur və ən kannibal qaydalarla idarə olunur.
İndi isə məlum olur ki, “İŞİD”in mərkəzi şəhərində əhali islamçılara qarşı qiyama qalxıb. Və bunu islamçıların sonunun başlanğıcı sayanlar da az deyil. Ancaq belədirmi?
Məsələ ondadır ki, Rakka dirənişlərinə yardım edə biləcək qüvvələr onlardan çox uzaqdadır. Şəhəri Hələbdən 180 kilometr məsafə ayırır, şimaldakı kürd döyüşçülər də onlara yardıma tələsmək iqtidarında deyil (Türkiyə də buna hər vəchlə mane olur). Nisbətən yaxındakı Deyr-əz-Zor 4 ildir blokadadadır. Suriya ordusu isə Palmira və Tabka uğrunda döyüşlərdə canlı qüvvənin böyük hissəsini cəmləməyə məcbur olub. Yəni, Rakkaya heç yerdən kömək olmayacaq. Bu isə oradakı üsyanı öz finalına görə Varşavadakı 1944-cü il üsyanına bənzədir. Yəni, vaxtsız, erkən, nizamsız, qüvvəsiz, köməksiz. Deməli, Rakkadakılar da varşavalılar kimi məğlub olmağa məhkumdurlar.
Yalnız bir halda Rakka üsyanı Varşava üsyanına yox, 1945-ci ilin mayındakı Praqa üsyanına bənzəyə (yəni, qalib gələ) bilərdi - kənardan güclü hərbi yardım olsaydı. Bu isə indiki vəziyyətdə nonsensdir. Odur ki, Rakka dirənişinin qan içində boğulacağı, alçaldıcı və işgəncəli edamlarla nəticələnəcəyi ehtimalı çox yüksəkdir.
Ancaq baş verənlərin psixoloji və təbliğati gücü çox böyükdür. Əgər “xilafət” Rakkada məzar sükutunu təmin etməkdə gücsüzdürsə, deməli, doğrudan da çoxillik qanlı savaşda dönüş nöqtəsinin baş verdiyi fərziyyə yox, reallıqdır. Rakkadakı ümidsizlərin məğlubluğa məhkum qiyamı bu günə olmasa da, sabaha ümid yaradır...
Şərhlər