IV Qlobal Bakı Forumu İran və Əfqanıstan mövzusunda paneli ilə davam etdirilib

11.03.2016 11:28     Dünyadan reaksiya     928

Bu gün IV Qlobal Bakı Forumu "İran və Əfqanıstan: Xəzər regionu və Mərkəzi Asiyanın təhlükəsizliyi və inkişafının əsasları. Növbəti region hansıdır?" adlı paneli ilə davam etdirilib.

Reaksiya.info  Gün.Az-a istinadən xəbər verir ki, paneldə Gürcüstan baş nazirinin sabiq müavini Eka Tkeşelaşvili, Livanın sabiq baş naziri Fouad Siniora, İtaliyanın sabiq xarici işlər naziri Franko Frattini, Pakistanın sabiq baş naziri Şaukat Aziz iştirak edib.
 
Paneldə İran və Əfqanıstanda mövcud vəziyyət, regionda təhlükəsizlik məsələləri müzakirə edilib.   
 
E.Tkeşelaşvili İran və ABŞ arasında münasibətlərdən söz açıb. Onun sözlərinə görə, bu iki ölkə Əfqanıstan məsələsində qarşıdurmadan daha çox əməkdaşlığa üstünlük verməlidirlər. 
 
Livanın sabiq baş naziri Fuad Siniora İranda sistemin düzgün qurulmadığını bildirib. O deyib ki, İranda iki güc var: "Birinci güc İranla münasibətlərə, inteqrasiyaya açıq olan, ikincisi isə daha çox millətçi olan gücdür. İranda din siyasi məqsədlər üçün istifadə olunub. Əgər bu vəziyyət davam edərsə, ölkədə tarazlıq tamamilə pozulacaq. Ekstremistlərin dəstəklənməsi düzgün deyil. Bu, insanların radikallaşmasına, pis vəziyyətə düşməsinə səbəb olur".
 
Pakistanın sabiq baş naziri Şaukat Aziz bildirib ki, hansısa bir ölkəni təcrid etmək düzgün deyildi: "Müasir dünyada təcrid etmək olmaz, cəlb etmək üsulu ilə hərəkət etmək lazımdır. Dünya başa düşməlidir ki, İran regionda ən yaxşı fəaliyyət göstərən demokratik ölkələrdən biridir".
 
Onun sözlərinə görə, demokratiya mövcud olduğu halda teokratiya da öz rolunu oynayır, bunu da nəzərə almaq lazımdır. 
 
Sabiq baş nazir ABŞ-la İran arasında danışıqları müsbət proses adlandırıb:
 
"Amma bu, hərtərəfli olmalıdır ki, müsbət nəticəyə gətirsin. İran öz iqtisadiyyatına diqqətini yönətməlidir, karbohidrotlara əsaslanan iqtisadiyyatdan müxtəlifliyə keçməli, struktur islahatları aparmalıdır. İranla əlaqələr qurmaq daha asandır". 
 
Əfqanıstan məsələsinə toxunan sabiq baş nazir vurğulayıb ki, bir gündə bu ölkəni dəyişmək mümkün deyil. Onun sözlərinə görə, insanlar narkotik maddələrdən əl çəkməyəcəklər, amma iqtisadiyyat inkişaf etdikcə, insanlar özlərinə iş tapa bilərlər:
 
"İqtisadi fəaliyyətin çox olması insanlar üçün vacibdir. Narkotik maddələr istehsal edilən torpaqlarda kənd təsərrüfatını inkişaf etdirmək olar. Amma bütün bunlar bir gecədə baş verməyəcək, tədricən buna nail  olmaq mümkündür".

Şərhlər