KXDR Cənubi Koreyanı qabaqlayıcı zərbə vurmaqla hədələyib

12.03.2016 13:12     Dünyadan reaksiya     1142

KXDR hökuməti Cənubi Koreya və ABŞ ordularının keçirdiyi müştərək hərbi təlimlərə cavab olaraq cənub qonşusunun ərazisinə qabaqlayıcı zərbə vurmağa hazır olduğunu bəyan edib.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Şimali Koreyanın baş qərargahının bəyanatında zərbələrin Seulun təcavüz hazırlaması barədə azacıq da olsa nişanəsi görünəcəyi təqdirdə vurulacağı deyilir. “Bu halda KXDR ordusu Cənubi Koreyanın azad olunması və milli birlik uğrunda əməliyyatlara başlamağa hazırdır”, – bəyanatda qeyd olunur.

Martın 10-da KXDR ballistik raketi sınaqdan keçirdikdən sonra ölkə lideri Kim Çen In strateji qoşun hissələrinə daimi döyüş hazırlığı səviyyəsinə keçməyi əmr edib.

Xatırladaq ki, martın 7-də ABŞ və Cənubi Koreyanın ən iri birgə hərbi təlimləri start götürüb. Təlimlərdə 300 mindən çox cənubi koreyalı və 15 min amerikalı hərbçi iştirak edir.

Bundan bir qədər əvvəl isə BMT-nin Təhlükəsizlik Şurası Pxenyanın nüvə və raket sınaqlarına cavab olaraq KXDR-ə qarşı sanksiyaların sərtləşməsi barədə qətnamə qəbul edib.

Şərhlər

Çox oxunanlar