ABŞ: Türkiyə hökuməti terrordan əvvəlcədən xəbərdar idi

14.03.2016 10:12     Dünyadan reaksiya     884

ABŞ Ankaradakı Kızılay meydanında baş verən terror aktı barədə 3 gün öncə öz vətəndaşlarını xəbərdar edib.

Publika.az xəbər verir ki, ABŞ-ın Ankaradakı səfirliyi terror aktı törədilməmişdən 3 gün öncə, yəni, martın 11-də Türkiyədə yaşayan Amerika vətəndaşlarına terror ehtimalı ilə bağlı ehtiyatlı olmağa çağırıb.

Bu hadisə isə Türkiyə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Türkiyənin əksər media qurumları ABŞ-ı məlum Ankara terror aktından əvvəlcədən məlumatlı olmaqda ittiham edir.

Yaranmış vəziyyətlə bağlı ABŞ-ın Türkiyədəki səfirliyi də mövqeyini açıqlayıb. Səfirliyin yaydığı bəyanatda deyilir:

“ABŞ səfirliyi ötən gündən bəri sosial mediada geniş müzakirələrə səbəb olan təhdid xarakterli məlumatlar alır. Ancaq ABŞ səfirliyi öz vətəndaşlarına əvvəlcədən xəbərdarlığı Türkiyə hökumətindən daxil olan məlumat əsasında edib. Türkiyə hökuməti təkcə ABŞ üçün deyil, bütün ölkə sakinlərinin təhlükəsizliyi üçün əvvəlcədən lazımı tədbirləri alıb və əldə etdiyi məlumatları bölüşüb. ABŞ səfirliyi də bu məlumatlara uyğun olaraq Türkiyədə yaşayan vətəndaşlarına terror ehtimalı ilə əlaqədar xəbərdarlıq çağırışı edib”.

Şərhlər