Əsədin taleyi həll olunur - ABŞ-da kritik qərar

15.03.2016 17:22     Dünyadan reaksiya     973

ABŞ Təmsilçilər Məclisi Suriya hakimiyyəti və müttəfiqlərinin törətdikləri cinayət əməlləri ilə əlaqədar məhkəmə qurulmasını tələb edən qanun layihəsini qəbul edib.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Respublikaçılar partiyasından olan deputat Kristofer Smit (Christopher Smith) tərəfindən hazırlanan 121 saylı qanun layihəsi 392 səslə qəbul edilib. 

Qanun Əsəd rejimini dəstəkləyən qüvvələrin və qarşıdurmada iştirak edən tərəflərin işlədiyi cinayətlərə hüquqi qiymətin verilməsi üçün Hərbi Cinayət Məhkəməsinin qurulmasını tələb edir.

Layihədə ABŞ Prezidentindən və ABŞ-ın BMT-dəki Daimi Nümayəndəsini Samantha Poverdən Suriyada müharibə cinayətləri məhkəməsi qurulmasını gündəmə gətirmək və dəstəkləmək üçün ABŞ-ın təsir imkanlarından və gücündən istifadə etmək xahiş edilir.

Bundan başqa məclis İŞİD terror təşkilatının Yaxın Şərqdə yaşayan xristianlara, o cümlədən milli azlıqlara etdiyi hücumların “soyqırım” kimi qiymətləndirilməsini özündə əks etdirən qətnaməni yekdilliklə qəbul edib. 75 saylı qətnamə layihəsində xristianlarla yanaşı ermənilərin də adı qeyd olunub.

Bildirilib ki, İŞİD-in hücumları “müharibə cinayəti”, “insanlığa qarşı törədilən cinayət” və “soyqırım” kimi tanınmalıdır. 

Qeyd edək ki, qərar Respublikaçı Partiyanın deputatları Cef Fortenberri və Anna Eşu tərəfindən hazırlanıb. 

Layihədə Əsəd rejimi başda olmaqla rejimin müttəfiqləri (Rusiya, İran və s.) və müharibənin iştirakçıları tərəfindən işlənən cinayətlər üçün xüsusi məhkəmə yaradılması tələbi əksini tapıb. Layihədə bu cinayətlərin müharibə cinayətləri olduğu və bəşəriyyətə qarşı törədilən cinayətlərlə bərabər tutulmasının vacibliyi vurğulanıb. 

Layihə Suriyada insan haqları pozuntularının araşdırılması və bu cinayətlərə dair gələcəkdə istifadə ediləcək dəlillərin toplanması məsələsini də əhatə edir.

Həmçinin layihədə, digər ölkələrə müraciət edilərək Suriyada insanlığa qarşı işlənən cinayətlərdə və soyqırımda günahlandıran şəxslərin saxlanılaraq məhkəməyə təslim edilməsi çağırışı edilib.

Şərhlər