İsrail XİN: Partlayışda 11 İsrail vətəndaşı yaralanıb
20.03.2016 13:33 Dünyadan reaksiya 1109
Baş nazir Benyamin Netanyahu isə tamam fərqli çıxış edib.
İsrail Xarici İşlər Nazirliyi İstanbuldakı terror aktı ilə bağlı çox ciddi iddia irəli sürüb. ANS PRESS-in məlumatına görə, nazirliyin sözcüsü Emmanuel Nahşon bildirib ki, 14 israillidən ibarət turist qrupa qarşı həyata keçirilən terror aktında 11 israilli yaralanıb.
Onun sözlərinə görə, partlayış zamanı 1 israilli həyatını itirib, xəstəxanadakı yaralılardan isə ikisinin vəziyyəti ağırdır. Nahşon terror aktı baş verdikdən qısa müddət sonra belə bir açıqlama verib.
Lakin az sonra İsrailin baş naziri Benyamin Netanyahu 3 İsrail vətəndaşının partlayışda yaralandığını bəyan edib. Türkiyə tərəfi əvvəlcədən məlumat yaymışdı ki, yaralı olan 24 xarici ölkə vətəndaşından 3-ü İsrail vətəndaşıdır. Bu gecə yaralı 3 yəhudi özəl təyyarə ilə İsrailə aparılıb.
İstanbul terror ilə bağlı Amerika Birləşmiş Ştatlarından da açıqlama gəlib. Ağ Ev Beynəlxalq Təhlükəsilik şurasının sözcüsü Ned Prays bildirib ki, terror hücumu zamanı 2 ABŞ vətəndaşı həyatını itirib.
O, həmçinin bildirib ki, Vaşinqton İstanbuldakı terroru qınayır, müttəfiq və ortağımız olan Türkiyəni sarsılmaz bir şəkildə dəstəkləməyə davam edir.
"Türkiyədə təkrarlanan bur terror hücmlarına son qoyulmalıdır. Türkiyə hökuməti ilə şeytani terrorizmə qarşı birlikdə mübarizə aparacağıq", - Prays deyib.
Ötən gün səhər saat 11 radələrində İstanbulun ən turistik ərazilərindən biri olan İstiqlal caddəsində - Taksim meydanı yaxınlığında terrorçu-kamikadze özünü partladıb.
Terror aktı nəticəsində 5 nəfər ölüb, 7 nəfəri ağır olmaqla 39 nəfər yaralanıb. Ölənlərdən biri terrorçu-kamikadzedir. İstanbul valisi Vasip Şahin bildirib ki, yaralılardan 24 nəfəri xarici ölkə vətəndaşıdır.
Onun sözlərinə görə, yaralılardan 9-u xəstəxanadan buraxılıb, 7 nəfərin vəziyyəti isə ağır olaraq qalır. Terror hadisəsi ilə bağlı cinayət işi açılıb və işi 5 prokuror araşdıracaq.
Şərhlər