Lavrovla Kerrinin görüşü başladı
24.03.2016 14:15 Dünyadan reaksiya 1091
Kerri Vladimir Putinlə də görüşəcək.
Moskvada səfərdə olan ABŞ dövlət katibi Con Kerri ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş başlayıb. ANS PRESS-in məlumatına görə, görüş zamanı Kerri bir sıra məsələlərə toxunub. Brüsseldə baş verən terror aktlarından danışan ABŞ dövlət katibi bildirib ki, bütün ölkələr İŞİD və ekstremizmə son qoymağın yollarını tapmalıdır.
"Brüsseldə baş verən hadisələr növbəti dəfə sübut etdi ki, hər bir ölkə İŞİD və zorakı ekstremizmlə mübarizədə mümkün olan hər bir addımı atmalıdır", - deyə Kerri qeyd edib.
Rusiya və ABŞ arasında münasibətlərə toxunan Kerri həmçinin əlavə edib ki, fikir ayrılıqlarına, bəzi məsələlərə görə aralarında narazılıqların olmasına baxmayaraq Rusiya və ABŞ kimi fövqəldövlətlər əməkdaşlıq edə bilərlər.
"Biz, həqiqətən, bizim kimi 2 nəhəng dövlətin aralarında fikir ayrılıqlarının olmasına baxmayaraq əməkdaşlıq edə biləcəyini nümayiş etdirə bilərik. Bu çağırışlarla mübarizə aparmaq üçün ehtiyac yaranarsa, biz mümkün olan hər şeyi edə bilərik.Mən ümid edirəm ki, bizim bugünkü görüşümüz konstruktiv olacaq"-deyə Kerri əlavə etdi.
Con Kerri Moskaya ötən gün gəlib. Onun səfəri 2 gün davam edəcək. Rusiya KİV-inin məlumatına əsasən Kerri səfəri çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə də görüşəcək.
Sonuncu dəfə Kerri Rusiyaya ötən ilin dekabr ayında gəlib. Həmin görüşdə ikitərəfli, həmçinin İran, Suriya və Ukrayna daxil olmaqla regional və beynəlxalq məsələlərin müzakirə olunmuşdu. Görüşdə həmçinin Türkiyə-Rusiya qarşıdurmasına da toxunulub. Rusiyada səfərdə olan Kerri Moskvanın mərkəzi küçəsi “Arbat”da bazarlıq edib.
Şərhlər