Brüsseldəki partlayışda ölənlərin sayı arta bilər

24.03.2016 18:04     Dünyadan reaksiya     1048

Belçikanın Səhiyyə Naziri ölü və yaralılar barədə danışıb.

“Belçikanın paytaxtı Brüsseldə törədilən silsilə terror aktları zamanı xəsarət alanların vəziyyəti ağırdır. Buna görə də ölüm faktının artacağı istisna edilmir”. ANS PRESS-in BBC-yə istinadən verdiyi məlumata görə, bu barədə Belçikanın səhiyyə naziri Maqqi de Blok danışıb. Nazir bildirib ki, Brüsseldə ard-arda baş verən üç partlayış nəticəsində 31 insan həlak olub, 300 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb: “Zərər çəkənlər arasında 40 dövlətin vətəndaşı var. Belçikanın müxtəlif şəhərlərindəki xəstəxanalarda 150 insan müalicə alır. Onlardan 61-nin vəziyyəti kritikdir. Dörd nəfər ağır yaralının şəxsiyyətini müəyyən etmək isə mümkün olmayıb. Xəsarət alanların çoxuna yanıq diaqnozu qoyulub. Xəsarətlərin ağırlığına görə ölənlərin sayının artacağını istisna etmirik".

Maqqi de Blok- Belçikanın səhiyyə naziri
Maqqi de Blok- Belçikanın səhiyyə naziri

Martın 22-si Belçikanın paytaxtı Brüsseldə, hava limanında və metroda ard-arda partlayışlar baş verib. Belçika Prokurorluğunun məlumatına görə, terror aktlarını 3 nəfər həyata keçirib. Bunlar Belçika vətəndaşları olan Xalid və İbrahim Bakraui qardaşları və Nacim Laaşraui olub. Qardaşların partlayış nəticəsində öldüyü qeyd olunur.

Məlumata görə, Bakraui qardaşları Brüsseldə kirayədə yaşayıb. Qardaşlar cinayətkar qruplaşma ilə əlaqədə şübhəli bilinərək axtarışda olub. Bir həftə əvvəl Brüsselin polis əməkdaşları onların yaşadığı evə basqın ediblər. Lakin əməliyyat zamanı qardaşları tutmaq mümkün olmayıb. Belçikanın Daxili İşlər Nazirliyinin məlumatına görə, qardaşlar ötən ilin noyabr ayında Parisdə bir neçə partlayışlar törədən Salah Abdeslam ilə əlaqədə olublar. Şəkildə görünən boz gödəkcəli və papaqlı şəxsin adı Nacim Laaşrauidir. O, Parisdə bir neçə partlayış  törədən şəxslərdən biridir. Hazırda onun axtarışları davam etdirilir.

Terror aktını törədən Xalid və İbrahim Bakraui qardaşları
Terror aktını törədən Xalid və İbrahim Bakraui qardaşları

Ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Brüsseldə baş tutan terror aktlarından danışıb. R. T. Ərdoğanın sözlərinə görə, terror aktı törədən şəxslərdən biri iyun ayında Türkiyədə saxlanılıb və Belçikaya deportasiya olunub.

Türkiyə prezidenti bildirib ki, rəsmi Ankara Belçika hökumətini həmin şəxsin xarici döyüşçü olduğu barədə xəbərdar etsə də Belçika hökuməti bu xəbərdarlığa məhəl qoymayaraq onu sərbəst buraxıb. Ərdoğan həmin terrorçunun kimliyini açıqlamayıb.

Ankarada rumıniyalı həmkarı Klaus Yohannislə birgə mətbuat kofransına çıxan türkiyəli prezident həmin şəxsin Türkiyənin Suriya ilə sərhədində yerləşən Qaziantep şəhərində  saxlanıldığını və iyulun 14-də onun deportasiyası haqqında Belçika səfirliyinə bildiriş göndərildiyini diqqətə çatdırıb.

Ancaq prezidentin sözlərinə görə, Belçika hökuməti nədənsə həmin şübhəlinin terrorçu qruplaşma ilə əlaqələrini aşkarlaya bilməyib. Ərdoğan Niderland hökumətinin də insident barədə məlumatlı olduğunu söyləyib.

Ərdoğanın fikirlərinə Belçika hökumətinin cavabı da gecikməyib. Hökumət, Ərdoğanın terrorçulardan birinin Türkiyədə saxlanıldığı və Belçikaya deportasiya olunduğu barədə dediklərini təsdiqləyib.

Lakin hökumətin açıqlamasında bildirilir ki, deportasiya edilən vaxt həmin şəxsin terrorizmlə əlaqəli olduğu bilinmirdi.

Brüssel hava limanı partlayışdan sonra
Brüssel hava limanı partlayışdan sonra

 

Şərhlər